Sumqayıtdakı insidentlə bağlı daha bir nəfər tutuldu

23 Dekabr 2013 12:04 (UTC+04:00)
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə iştirak etmiş şəhər sakini Cəlal Mikayılov tutulub.

Onun mənzilinə baxış zamanı 1 ov tüfəngi, 1 qumbara, 48 ədəd avtomat patronu, qanunla qadağan olunmuş müxtəlif məzmunlu 70 ədəd dini ədəbiyyat, 12 disk, 1 ədəd disket və 3 ədəd dini əl yazmalar olan dəftər aşkar edilərək götürülüb.

Xatırladaq ki, bu hadisə ilə bağlı artıq 15-dən artıq insan tutulub.
Qeyd edək ki, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

AzNews.az