Zaur Baxşəliyevə açıq məktub

23 Dekabr 2013 14:37 (UTC+04:00)
Üç dörd gün əvvəl Rəqsanə barədə bir xəbər yazdım.

Günün sonunda mənə dedilər ki, bəs aləm dəyib bir birinə, səni məhkəməyə verirlər, cərimə olunacaqsan və sair və ilaxır. Xəbəri eşidər-eşitməz məni qayğılandıran bir məsələ oldu.

Dost-tanış, qohum əqrəba məni məhz onun məhkəməyə verdiyini bilərsə, camaatın üzünə necə baxaram? Adamı dəyər verdiyi biri güllələsin, amma beləsi məhkəməyə verməsin. On ildir buna görəmi mətbuatdayam ki, günün birində Rəqsanə kimi birisi məni məhkəməyə versin?

...Axşamüstü televizora baxıram. Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var" verilişində məsələ müzakirəyə çıxarılır, müğənni də xəbəri təkzib edir. Burası da belə. Amma bundan sonra baş verənlər mənim üçün Rəqsanə tərəfindən məhkəməyə verilməkdən daha faciəvidir.

Ailə faciələri, tanınmışların şəxsi həyatı üzərində reytinq qazanan biri mənə ağıl verməyə, peşəkarlıq dərsi keçməyə qalxır. İndiki jurnalistlər belə, indiki jurnalistlər elə... Ay nə bilim, it gəldi örkən apardı. Bir nəfər də demir ki, bunlar indinin jurnalistləridir. Sən özün ümumiyyətlə jurnalist deyilsən axı.

Qulaqcığa deyilənləri təkrarlamaq jurnalistikadırmı? Məni tanımadan, bilmədən ağıl vermək cəsarəti hardan səndə? Amma anlamırsan ki, mətbuata qadın müğənnilərin alt paltarı yığdığı dolabları eşələyə-eşələyə gələn mən deyiləm, məhz sənsən.

Hələ mən metropoliten əməkdaşı Günay Məmmədovanın ölümündən sonra aylarla bu məsələni müzakirəyə çıxararaq, reytinq qazanmağı, "nə olsursa, olsun, axıra kimi bu işin arxasınca gedəcəyik" məzmunlu bəyanatların ardından bu mövzuda müzakirələri qəfil dayandırmağını demirəm.

Niyə dayandırdın o müzakirələri? Cəzaya layiq olanlar cəzalarını aldılarmı? Almadılarsa, yekə-yekə danışıb da, niyə arxasında durmadın? 22 yaşlı qızını itirmiş Hüseyn kişinin studiyada ürəkparçalayan görüntülərimi lazım idi sənə?

Elşad Abdullayevin Beynəlxalq universitetini güc-bəlayla bitirən bir adam indi mənə ağıl öyrətməyə, peşəkarlıq dərsi keçməyə qalxır.

Faciə deyilmi? Axı heç kim bilməsə də, sənin qrup yoldaşlarını çox yaxşı tanıyıram, jurnalist kimi "qab"ında nə olduğundan da xəbərim var, qısa müddət mətbuatda olmağından da.

Haqqında milyon cür şayiələr gəzən də mən deyiləm, məhz sənsən. Kiminsə xəbəri üzərində reytinq qazanan və etika naminə həmin mətbuat orqanını, saytın adını belə çəkməyə peşəkarlığı çatmayan da məhz sənsən.

İndi mənə jurnalist etikasımı keçəcəksən? Əgər zamanın varsa, problemlərin həllinə, peşəkarlıq dərsi keçməyə özündən başla. Ən azından yazdığım cümlələr sənin danışdığın ləhcədə deyil.

Halbuki məişətdə eyni ləhcədən mən də istifadə edirəm. Bunu əlli ilin peşəkarları da dəfələrlə deyiblər ki, efirdə ləhcə ilə danışmaq qeyri-peşəkarlıqdır. Evində danışdığın ləhcəni tamaşaçıya sırımağa sənə kim ixtiyar verib?

Bəlkə də heç özün bunun qeyri-peşəkarlıq olduğunun fərqində deyilsən. Çünki olsaydın, ən azı havaya uçurduğun "j"lara "dur" deyərdin. Bərdəli görəndə bərdəli, şuşalı görəndə şuşalı olan da mən deyiləm. Təbii ki, mübahisənin qayəsində peşəkarlıq dayandığından şəxsi həyatla bağlı heç nə demək istəmirəm.

Amma...
İmkan daxilində cəmiyyətdə haqqında dolaşan söz-söhbətlərə də münasibət bildir. Verilişin yarısını nənəsindən sitat gətirən də mən deyiləm, məhz sənsən.

"Nənəm on iki yaşında ərə gedib" deməklə nəyin təbliğ etdiyinin fərqindəsən? Verilişinə baxan 15 yaşlı qızın artıq evdə qaldığını düşünüb nələr edəcəyindən xəbərin varmı? Axı guya, sən Allah qoymasa, bu telekanalın simalarından birisən. Axı nə qədər qeyri-peşəkar olduğunu bilməsələr də, dediklərini ciddi qəbul edən xeyli sayda insanlar var.

Yadındadırsa, bir dəfə canlı yayımda peşəkar telejurnalist Nərgiz Cəlilova sənə iradlarını bildirdi. Dedi ki, reklam üçün reklam bloku var, verilişin vaxtının bu qədərini sponsora sərf etmək olmaz. Niyə ondan sonra Nərgiz Cəlilovanı verilişinə dəvət etmədin?

Cavab verməsən də olar. Çünki səbəbi gün kimi aydındır. İmkan daxilində verilişlərinin birində açıqla görək, nənən 12 yaşında ərə gedəndə babanın neçə yaşı var idi?

AzNews.az