Prezident əlil avtomobilləri üçün 5 milyon ayırdı - SƏRƏNCAM

23 Dekabr 2013 18:36 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



AzNews.az