İlham Əliyev benzinin qiymətindən danışdı

24 Dekabr 2013 08:40 (UTC+04:00)


Bunu prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib. O, bildirib ki, yeni avtobuslar alınıb, amma Bakı kimi gözəl şəhər üçün daha da gözəl avtobuslar gətirilməlidir: "Mən artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər.

İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. "Azərsu", "Azəristilik", "Azəriqaz", əlbəttə ki, Neft Şirkəti, "Azərenerji", "Bakıelektrikşəbəkə", metro və digər sahələr dövlət nəzarətindədir.

Ona görə, dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə. Ona görə şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss etsinlər.

Metro tikintisi Azərbaycanda geniş vüsət almalıdır. Hazırda bizdə 23 stansiya vardır. Son illərdə bir neçə stansiya tikilmişdir. Ancaq Proqrama əsasən 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməlidir. Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir.

Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə dövlət büdcəsinə bir o qədər də çox yük olacaqdır. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq.

Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır.

Bizim planlarımız böyükdür. Çünki ictimai nəqliyyat elə rahat olmalıdır ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. Düzdür, indi insanların rifah halı yaxşılaşır, biznes mühiti çox müsbətdir. Azərbaycana hər il yüz min, bəlkə də ondan çox avtomaşın idxal edilir. Yəni, əgər rifah halı yaxşılaşmasaydı, bunların heç biri mümkün olmazdı. Əlbəttə, gətirilən on minlərlə, yüz minlərlə maşın yol infrastrukturuna əlavə təzyiq göstərir. Ona görə tıxaclar yaranır.

Biz nə qədər yol qovşağı, tunel, yol ötürücüsü tiksək də, yenə də bu, təzyiq olacaqdır. Son 10 il ərzində onlarla tunel, yol ötürücüsü, yol qovşağı, yeni yollar tikilmişdir. O yollar yox idi. Misal üçün, təbiidir ki, indi hər şey tez unudulur. Ancaq bu gün aeroportu şəhər ilə birləşdirən ikinci yol fəaliyyət göstərir ki, bu yol heç vaxt olmamışdır. Şəhərin içində nə qədər yol genişləndi. Aeroport yolu iki dəfə genişləndi. Əgər genişlənməsəydi nə olacaqdı?! Digər yerlər də, harada mümkündürsə biz yeni yolları, damarları açırıq ki, şəhər nəqliyyatı rahat fəaliyyət göstərsin. Biz bu prosesi gələcəkdə də davam etdirəcəyik. Yeni yol qovşaqlarının, yolların tikintisi nəzərdə tutulur. Ancaq ictimai nəqliyyat elə olmalıdır ki, insanlar rahat istifadə etsinlər. Onların içində metro ən ucuz, ən rahat nəqliyyat vasitəsidir. Metro tikintisi növbəti illərdə sürətlə aparılacaqdır".

AzNews.az