Qaradağdakı kütləvi dava ilə bağlı RƏSMİ MƏLUMAT

24 Dekabr 2013 09:19 (UTC+04:00)
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində iki qardaş - Taleh və Oktay Əsgərov qardaşlarının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsinə səbəb olan kütləvi dava ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Bunu AzNews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib. DİN nümayəndəsinin sözlərinə görə, əməliyyat yerinə dərhal istintaq-əməliyyat qrupu göndərilib:

"Dekabrın 20-də qəsəbədə 2 qardaş bir qrup şəxs tərəfindən döyülüb. Hadisə xuliqanlıq zəminində baş verib. Hər iki qardaş xəstəxanaya yerləşdirilib. Artıq hər iki şəxsdən ilkin izahat alınıb". Hadisə ilə bağlı saxlananların olub-olmadığına gəlincə isə, O.Mansurzadə hələlik heç kəsin saxlanmadığını bildirib: "İlk növbədə məhkəmə-tibbi ekspertizasının rəyi olmalıdır. Hadisənin motivi müəyyən edilməlidir.

Hadisənin iştirakçılarının müəyyən edilməsi istiqamətində iş gedir. Belə hadisələrdə iştirakçılar çox olduğu üçün müəyyən qədər zaman tələb edir". Qeyd edək ki, davada xəsarət alaraq xəstəxanaya yerləşdirilən Taleh və Oktay Əsgərov qardaşları müstəntiq Şövqi Əsgərovun işə ciddi yanaşmamasından, onlara xəsarət yetirən şəxslərin hələ də saxlanmamasından şikayət etmişdilər.

Elnarə
AzNews.az