“Həmişə bizim vətəndaşlarımız əziyyət çəkib”- Prezident

24 Dekabr 2013 09:21 (UTC+04:00)
"Bu gün Bakıda elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, yoxdur. Yığımla bağlı problemlər yoxdur. Vaxtilə ən böyük problemlərdən biri də ödəməmələr idi. Dövlət qurumları bir-birinə olan borcları ödəyə bilmirdilər. Beləliklə, çox qeyri-sağlam vəziyyət yaranmışdı. Artıq bu, keçmişdə qaldı".

Bunu prezident İlham Əliyev deyib. O, bildirib ki, paytaxtda qazlaşdırma ilə bağlı demək olar ki, problem öz həllini tapıb. Bakı şəhəri təxminən 100 faizə yaxın qazlaşdırılıb: "Qazlaşdırılmayan yerlərə də qaz çəkiləcəkdir. Su-kanalizasiya layihələrinin icrası istiqamətində genişmiqyaslı işlər başlamışdır. Bu işlər davam etdiriləcəkdir. Biz bu barədə danışacağıq. Yəni, biz bu istiqamətdə, yenə də demək istəyirəm ki, böyük işlər görmüşük. Görüləcək işlər çoxdur.

Ancaq son on il ərzində elektrik enerjisinə olan tələbat böyük dərəcədə artmışdır. Bu da təbiidir. Çünki son on il ərzində həm iqtisadiyyat, sənaye artmışdır, insanların rifah halı yaxşılaşmışdır. Əgər əvvəlki illərdə bizdə qışda və yayda enerji sərfiyyatında fərq var idisə, indi bu fərq yoxdur. Nə üçün? Çünki əvvəlki illərdə yay aylarında daha az istifadə olunurdu. Ancaq son illərdə insanların yaşayış səviyyəsinin yaxşılaşması nəticəsində demək olar ki, vətəndaşlarımızın əksəriyyəti kondisionerlər əldə etmişlər və beləliklə, yayda da enerjiyə olan tələbat artmışdır".

İ. Əliyev əhalinin su ilə təmin olunmasının vacib olduğunu qeyd edib: "Elə olmalıdır ki, hər bir vətəndaş evində kranı açıb suyu ala bilsin, istilik də, qaz da, işıq da olmalıdır. Yəni, bu, hansısa böyük qəhrəmanlıq deyildir. Bu, təbii ehtiyaclardır. Biz bunu təmin etməliyik. Vaxtilə bunlar olmayıbdır. Həmişə bizim vətəndaşlarımız əziyyət çəkiblər. Ancaq olmalıdır və olacaqdır. Azərbaycan kimi inkişafda olan ölkədə, Bakı kimi gözəl bir şəhərdə biz belə problemləri saxlaya bilmərik, buna dözə bilmərik.

Ona görə, növbəti illərdə bu, həm dövlət investisiya proqramında nəzərdə tutulacaqdır, eyni zamanda, bütün işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində öz həllini tapmalıdır. Bakıda içməli su ilə təminat yaxşılaşıb. Son iki il ərzində böyük inkişaf, irəliləyiş vardır. Elə etməliyik ki, növbəti üç il ərzində Bakı şəhərində su, kanalizasiya problemi olmasın. Bir daha demək istəyirəm ki, bütün bu işlər dünyanın ən yüksək standartlarına cavab verməlidir".

İ. Əliyev bildirib ki, Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır: "Bakı qəsəbələrində bu Proqram başlamazdan əvvəl əksər yollar torpaq yollar idi. Yağış yağan kimi o yollar bərbad vəziyyətə düşürdü. Ümumiyyətlə, biz Bakıda, qəsəbələrdə torpaq yollarını aradan qaldırmalı idik və bu məqsədlə Proqramda konkret tədbirlər planı nəzərdə tutulmuşdur. Düzdür, bu məsələlər kanalizasiya və su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. Çünki ilk növbədə kommunikasiyalar çəkilməlidir, ondan sonra yollar salınmalıdır. Burada həm şəhər icra hakimiyyəti, həm də İqtisadiyyat və Sənaye Nazirliyi nəzarət edirlər ki, bu məsələlər paralel şəkildə öz həllini tapsın.

Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır".

Paytaxtın ekoloji vəziyyətindən danışan president bildirib ki, Bakının ekoloji vəziyyətini ağırlaşdıran səbəblərdən biri çirkli göllərdir: "O göllərə axıdılan sular çirkab sularıdır, lay sularıdır, neft mədənlərindən çıxan sulardır. Bu göllər həm ekoloji vəziyyəti korlayır, həm ümumi görüntünü pozur. Artıq vaxt gəlib çatıb ki, biz bu məsələ ilə də məşğul olaq. Bu da maliyyə baxımından çox ağır bir məsələdir. O göllərin təmizlənməsi məsələsi gündəlikdədir. Bəzi təklİflər var idi ki, bu göllər qurudulsun. Digər təkliflər var idi ki, təmizlənsin. Hər bir gölə fərdi qaydada yanaşmaq lazımdır. Deyə bilərəm, ictimaiyyət də bunu bilməlidir ki, biz əgər belə demək mümkünsə, ən ağır göldən başlamaq istəyirik. Biz Böyük Şor gölünün təmizlənməsinə başlamaq istəyirik. Böyük Şor gölü min hektarı əhatə edir. Bu, çox nəhəng bir göldür. Ona görə təklif verilmişdir ki, biz bu gölü iki yerə bölək. Göl üzərindən avtomobil yolu çəkiləcəkdir. Belə layihə vardır. Altızolaqlı avtomobil yolu çəkiləcəkdir. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaqdır. Bütövlükdə biz özümüzü bu işlərdə də sınamalıyıq. Yəni, biz buna nail ola biləcəyik, yoxsa yox?

Əgər istədiyimizə nail ola bilsək, 2015-ci ilin yayına qədər Bakıda 300 hektarı əhatə edən gözəl, təmiz, şəffaf bir göl yaranacaqdır".

İ. Əliyev Bakıda parkların qurulması işinin davam edəcəyini də bildirib: "Biz hamımız yaxşı xatırlayırıq ki, Əl Oyunları Sarayından Bayraq Meydanına qədər olan zonada sənaye müəssisələri, dağılmış zavodlar var idi. Mən məsələ qaldıranda ki, biz bunları köçürməliyik, burada bir gəzinti zonası yaratmalıyıq, bəziləri dedilər bu mümkün deyil, bunlar strateji əhəmiyyətli layihələrdir. Mən bilirdim bunlar hamısı yalan idi. Sadəcə olaraq, o yerlərə nəzarət edənlər istəmirdilər ki, o yerlər onların əlindən çıxsın. Bəlkə də istəyirdilər ki, gələcəkdə onları özəlləşdirsinlər, sonra o torpaqları satsınlar, binalar tikilsin. Mən bilirəm məsələ nə idi. Eyni məsələ biz Heydər Əliyev Mərkəzini tikəndə də ortaya çıxmışdı. Mənə deyirdilər ki, bu, strateji əhəmiyyəti olan bir zavoddur - əvvəllər leytenant Şmidt, sonra Səttərxan adlanan zavod. Mən oraya gedib baxanda gördüm ki, şüşələr dağılıb, divarlar sökülüb, heç nə yoxdur. Soruşdum əgər bu, əhəmiyyətlidirsə, şüşələr niyə sökülüb. Dedilər ki, bu ventilyasiya üçün sökülüb. Bilirsiniz, belə olan halda güclü iradə göstərilməlidir və biz bu iradəni göstərdik.

Digər ictimai yerlərin yaradılması da bax, bizim iradəmizi göstərir. Mərkəzi park - onu kimsə qış bulvarı adlandırırdı. Bilmirəm haradan çıxdı, sonradan elə qış bulvarı kimi tanınır, amma mən qış bulvarının mənasını başa düşə bilmirəm, bu, nə deməkdir. Yəni, əgər qapalı bir yer olsaydı deyərdim ki, insanlar gəzmək üçün qışda oraya gedə bilərlər. Bunun adı Mərkəzi parkdır. Onun altında dörd min maşınlıq parkinq tikilibdir. Üstü də gözəl bir parkdır, gəzinti zonasıdır. Əgər biz o vaxt iradə göstərib o yerləri yenidən qurmasaydıq nə olacaqdı?! Orada o küçə ilə maşınlar keçə bilmirdi. Füzuli küçəsindən o tərəfə - Dram Teatrına qədər bircərgəli sağ-sol yolda maşının keçməsi mümkün deyildi. İndi hər iki istiqamətə 4-5 zolaqlı yollar çəkilib. O sahələrlə bağlı bizim gələcək planlarımız da vardır. Orada köçürülən binaların yerində ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına uyğun olaraq köçürülmə baş verirsə, onların yerində ictimai yerlər, parklar salınmalıdır. Orada bir dənə də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər. Biz Bakını parklar, bağlar şəhərinə çeviririk".

Prezident bildirib ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı hesab edir ki, bu sahədə də daha ciddi nəzarət olmalıdır, özbaşınalıq olmamalıdır: "Çünki hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar. Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur.

Ona görə, hesab edirəm ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalıdır. Hər bir layihə ciddi araşdırılmalıdır. Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir".


AzNews.az