Azərbaycanda 500-ə yaxın milli standart hazırlanacaq

24 Dekabr 2013 13:09 (UTC+04:00)
2014-cü ildə Azərbaycanda 500-ə yaxın milli standart hazırlanacaq.


Jurnalistlərə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Britaniyanın BSI Standartlar İnstitutunun təşkilatçılığı ilə keçirilən "Birləşdirilmiş idarə sistemləri" adlı beynəlxalq seminarda deyib.

Abdullayev bildirib: "İl ərzində ölkədə müxtəlif sahələrdə, eləcə də turizm, qida sənayesi və İKT sahəsində təqribən 50 standart tətbiq olunub".

Onun sözlərinə görə, bir neçə ay ərzində keçirilən təkrar strukturlaşma zamanı institut tərəfindən böyük işlər həyata keçirilib: "Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalanıb ki, həmin sənəd üzrə yaxın vaxtlarda elektrik naqillərinin və plastik boruların qabaqcıl Avropa standartlarına uyğun keyfiyyət tələblərini müəyyən edən milli standartların hazırlanmasına başlanacaq. Bundan başqa, texnologiyalar parkının təşəbbüsü ilə ağır sənaye məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb".

Onun sözlərinə görə, bütün bu tədbirlər ölkədə beynəlxalq tələblərə uyğun və rəqabətqabiliyyətli məhsulların istehsalının həyata keçirilməsi məqsədi daşıyır.

AzNews.az