“Azadlıq”ın yazarı Cəmil Həsənlini istefaya çağırdı

25 Dekabr 2013 11:51 (UTC+04:00)
"Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəyli Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənliyə çağırış edib.


Yazar əməkdaşlıq etdiyi qəzetin bu gün dərc olunan sayında Cəmil Həsənlini Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməyə çağırıb.


E.Astanbəyli C.Həsənliyə xitabən "Demokratik düşərgənin lideri statusunda olan şəxs kimi faktiki olaraq Ədəbiyyat Nazirliyi funksiyasına üstləyən Azərbaycan Yazıçılar Birliyinin sıralarında hələ də qalmağınız nə qədər doğrudur?" sualını ünvanlayıb.

E.Astanbəylinin sözlərinə görə, müxalifət düşərgəsində bu mövzunu önəmsəmirlər: " Bunu hətta qeyri-ciddi qəbul edənlər var. Əslində isə belə olmadığını ən azı bir tarixçi və aydın kimi sizin çox dəqiq bildiyiniz qənaətindəyəm...

Təkcə bu sətirlərin müəllifinin yox, xeyli insanın bununla bağlı narahatlığı olduğunu bilirəm və sizə çatdırmaq ehtiyacı hiss edirəm.

Bu narahatlığa həssas yanaşacağınıza və ədəbiyyatla, mədəniyyətlə ən xırda bağı qalmamış, yaltaqlığın legitimləşdirilməsi vasitəsinə çevrilən Yazıçılar Birliyindən istefa verəcəyinizə inanıram".

Elnarə
AzNews.az