Bakı-Sumqayıt yolundakı tıxac problemi

25 Dekabr 2013 22:23 (UTC+04:00)
Bakıdan şimal istiqamətə, eyni zamanda da əks istiqamətə avtomobillərin sıxlığını aradan qaldırmaq üçün "Azəryolservis" ASC yeni yolun tikintisini həyata keçirir. Söhbət Xırdalan dairəsindən başlayaraq, yeni avtovağzalı keçməklə dairəvi yola birləşəcəyi nəzərdə tutulan yeni yoldan gedir.

Paytaxtın şimal istiqamətindəki yollarda keçilməz tıxac Bakının önəmli problemlərindəndir. Bu problemin həlli üçün ciddi addımlar atılır. Bakı-Quba yolunun 9-cu kilometrliyində dəmir yolu üzərində mövcud körpünün yanında yeni bir yol ötürücüsü inşa edilib ki, hazırda tikinti işləri yekunlaşmaq üzrədir. Burada dayaqlar tikilib, istinad divarlarının tikintisində tamamlama işləri görülür.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, dördaşırımlı yeni körpünün uzunluğu 106 metr, eni isə 15 metrdir. Yeni çəkilən yanaşma yolları 3 hərəkət zolağından ibarət olacaq. Sözügedən yanaşma yollarından hərəkət istiqaməti avtovağzal ərazisinə, oradan da Atıcılıq Federasiyasını keçməklə dairəvi yola çıxacaq.

Eyni zamanda yolun əks tərəfində, Biləcəri istiqamətində də mövcud yol ötürücüsünün yanında daha biraşırımlı yol ötürücüsünün tikintisi həyata keçirilir. Yol ötürücüsünün yanında isə yeni bir dairə salınacaq ki, bu zaman nəqliyyat vasitələri dairəyə girməklə bir sıra istiqamətlərə asanlıqla hərəkət edə biləcəklər: "Artıq dayaqlardan birinin tikintisi başa çatıb. O biri dayaqlarda suvaq işləri həyata keçirilir. Bu yolun tikintisi başa çatdığı zaman həmin ərazidə inşa olunan yanaşma yolları piyada keçidinin yanına kimi uzanacaq və orda birləşəcək. Bu isə Bakıdan Xırdalan istiqamətinə hərəkət yükünü azaldacaq".

Sözügedən ərazidə nəzərdə tutulan yeniliklərdən biri də Bakı-Şamaxı avtomobil yolunun Xocasəndən keçən hissəsinin Bakı-Quba magistral yoluna birləşən hissəsinin 2 zolaqdan 6 hərəkət zolağına kimi genişləndirilməsidir. Yaxın günlərdə ərazidə tikinti işlərinə də start veriləcək.

Yeni yolun çəkilişi zamanı ərazidə olan bir sıra evlər və obyektlərin söküntüsü də nəzərdə tutulur ki, həmin obyekt sahiblərinə xüsusi kompensasiya verilməklə ərazi tamamilə boşaldılacaq.

Yeni yolun tikintisinin 2014-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur.


AzNews.az