Gəncədə yol qəzaları - yaralılar var

25 Dekabr 2013 22:40 (UTC+04:00)
Gəncədə iki yol nəqliyyat hadisəsi baş verib.

Hər iki hadisədə də iki nəfər şəhər sakini şəhərdaxili sərnişin daşıyan mikroavtobus tərəfindən vurulub. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yol qəzalarından biri şəhərin Dədə Qorqud küçəsində baş verib. "Qazel" markalı şəhərdaxili sərnişin daşıyan mikroavtobus yolu keçmək istəyən 25 yaşlı Gəncə şəhər sakini Zeynəb Şirinovanı vurub. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb.

Digər hadisə isə şəhərin Komsomol küçəsində baş verib. 26 saylı şəhərdaxili sərnişin daşıyan mikroavtobus 52 yaşlı Flora Məmmədovanı yaşadığı evin qarşısında yolu keçmək istəyərkən vurub. Sürücü yaralını dərhal Gəncə Şəhər TTYX-yə gətirib.

Həkim Rəfail Əsədov deyib: "Şirinova Zeynəb çanağın əziyi diaqnozu ilə gətirilib. Rentgen olunub, elə bir ciddi xəsarət yoxdur. Vəziyyəti yüngüldür, qənaətbəxşdir. İkinci xəstə də eyni vaxtda gətirilib. O, ənsə nahiyəsinin əzilməsi və qabırğanın sınığı diaqnozu ilə daxil olub. Hazırda müalicələr davam edir. Yaralara tikiş qoyulub".

Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır (Kəpəz TV).