Rza Zərrabın iş ortağı: “O, Azərbaycana investisiya qoymağa hazırlaşırdı”- Müsahibə

26 Dekabr 2013 09:06 (UTC+04:00)
Türkiyəni sarsıdan 17 dekabr korrupsiya və rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın Dubaydakı ticarətinin ortaqlarından biri "Yeni Müsavat"a zəng edərək bir sıra açıqlamalar vermək istədiyini deyib.

Adının çəkilməsini istəməyən iş adamı ilə telefon söhbətini təqdim edirik.


- Mən uzun illərdir Zərrab ailəsini tanıyıram. Onlarla bərabər Dubayda qızıl, brilyant və almaz ticarəti ilə bağlı ortaq layihələrimiz olub. Rza çox bacarıqlı bir şəxsdir, qanunlara sayğısını bərabər çalışdığımız zaman şəxsən müşahidə etmişəm. Onun şirkətlər qrupu qaranlıq qaydalarla deyil, hüququn tələb etdiyi prinsiplərlə işləyib.

Bu gün onun adının qanunsuz dəstə yaradaraq rüşvət verib hansısa çirkli pulların yuyulması ilə məşğul olan şəxs kimi təqdim edilməsi boş iddialardan başqa bir şey deyil. Mən heç şübhə etmirəm ki, bu, Türkiyəyə qarşı qurulan bir hiylədir. Ona da şübhə etmirəm ki, istintaq ədalətli aparılsa Rza Zərrabın bu gün qapa pullar kimi təqdim edilən maliyyəsinin sənədlərində heç bir qanundan kənar məqam olmadığı ortaya çıxacaq.

Məni ən çox narahat edənsə Rza Zərrabın adının olduqca mənfi imici olan müğənni, model səviyyəsində müzakirələrə çıxarılmasıdır. Söhbət Günel Zeynalova və Günay Musayevadan gedir. Bu şəxslər hər zaman Rza Zərrabdan yararlanmağa çalışıblar.

- Ancaq Rza Zərrabın həyat yoldaşı da müğənnidir...


- Ebru Gündəş onun həyat yoldaşıdır. Mən bu ailəni yaxından tanıyıram.

- Türkiyə qaynaqları Rza Zərrabın 1984-cü ildə Bakıda doğulduğunu qeyd edir. Türkiyənin ünlü media quruluşları iddia edir ki, onun sənədində belə göstərilib. Ancaq onun Təbrizdə doğulduğu faktdır. Siz onun pasportunu görmüsünüzmü? Orada doğrudanmı Təbriz yox, Bakı yazılıb?


- Pasportunu görməmişəm. Ancaq Rza Təbrizdə doğulub. Bunu hər kəs bilir.

- Ancaq Türkiyə pasportunda doğum yeri kimi Bakı göstərilir. Ona qarşı irəli sürülən ittihamlardan biri də saxta sənədlər əldə etmək üçün Türkiyənin rəsmi şəxslərinə rüşvət verməsidir.


- Bunların hamısının böhtan olduğuna inanıram. Rza Zərrab çox vətənpərvər bir insandır. O, illərdir xeyriyyəçiliklə məşğul olur. Bilirsiniz nə qədər insana əl tutub, ev alıb?

- 29 yaşlı bir insanın "nə qədər" insana ev alması, miqyaslı xeyriyyəçiliklə məşğul olması suallar yaradır...


- Rza çox bacarıqlı iş adamıdır. Qızıl, brilyant işində bəlkə də onun qədər usta tacir yoxdur. 5 il öncənin trendləri ilə bağlı son dərəcə dəqiq proqnozlar verə bilir. Bu bacarığına görə də dünyanın bir neçə ölkəsində böyük biznes qura bilib.

- Azərbaycanda da biznes qurmaq fikri var idi?


- Bəli. Yaxın iki ildə Azərbaycana güclü investisiya yatırmağı planlaşdırırdı.

- Konkret hansı sahəyə?


- Turizmə. Xəzər sahillərində otellər inşa etdirmək fikrindəydi.

- Bunun üçün Azərbaycan rəsmi şəxsləri ilə danışıqlar aparımışdımı, ilkin razılaşma var idimi?


- Yox. Onun Azərbaycanın məmur korpusundan heç kimlə ilişkisi olmayıb.

- Ancaq onunla rəhbərlik etdiyi iddia olunan cinayət işində Azərbaycan gömrük məntəqəsinin rəisi həbs edilib...


- O pullar Afrikanın da hansısa ölkəsinin gömrüyündən keçsəydi həmin məntəqənin rəisini şübhəli şəxs kimi istintaqa cəlb edəcəkdilər. Bir daha bildirirəm ki, bütün bunlar boş iddialardır, ABŞ-ın "nurçuların" əli ilə həyata keçirdiyi əməliyyatdır. İnşallah doğru yerini tapar.

- Rza Zərrabın xəstə olması ilə bağlı xəbərlər nə qədər doğrudur?


- Rza xəstədir. Özü də bu yaxın ayların məsələsi deyil. Onun anadangəlmə böyrək və qara ciyər problemi var. Böyrəyində şiş olduğunu mənə demişdi. Yaxın günlərdə kimyaterapiyaya hazırlaşırdı.

- Siz onunla son dəfə nə zaman görüşmüsüz?


- Avqustda Türkiyədə görüşdük. Ancaq davamlı əlaqə saxlayırdıq. Mənə xəstəliyindən də danışdı, dedi ki, davamlı müalicə alsa da böyrəyinin üstündəki şiş ərimir. İndi də yəqin ki yaşadığı stresə görə xəstəliyi daha da şiddətlənib. Allahdan ona şəfa diləyirəm.

- Siz görüşərkən işləri ilə bağlı hər hansı problem yaşadığından söhbət açmışdımı?


- Açıq bir söz demədi. Bircə onu vurğuladı ki, burada mənə mane olmaq istəyənlər var. Ancaq konkretləşdirmədi deyə, mən də heç bir şey soruşmadım. Bir daha deyirəm ki, Rzanın əməlində heç bir cinayət tərkibinin olmadığına inanıram. O, sadəcə ABŞ-ın İranla münasibətlərinə görə Türkiyəyə etdiyi basqının qurbanıdır.(musavat.com)