BDU-nun kafedra müdiri AMEA-ya direktor gətirildi

26 Dekabr 2013 09:45 (UTC+04:00)
Sabiq direktor isə şöbə müdiri oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyinə yeni təyinatlar həyata keçirilib.

AzNews.az-ın xəbərinə görə, iki il instituta rəhbərlik edən, direktor müavini Fəxrəddin Veysəlli bu postdan çıxarıldıqdan sonra onun müavini Məsud Mahmudov da vəzifəsindən vidalaşmalı olub.

M. Mahmudovun yerinə isə Məhəbbət Mirzəliyeva direktor müavini təyin edilib. Bir müddət əvvəl institutunun direktor vəzifəsinə təyin edildiyi açıqlanan AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri Tofiq Hacıyev bu gün vəzifəsinin icrasına başlayıb.

Fəxrəddin Veysəlli isə institutda yalnız Nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsində saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl xəbər verdiyimiz kimi elmi-tədqiqat müəssisəsinin dörd - Onamastika, Dialektologiya, Dil əlaqələri şöbələri ləğv edilib. Həmin şöbələrin maddi-texniki bazası Müasir Azərbaycan dili şöbəsinin tabeçiliyinə verilib.

Fəaliyyəti dayandırılan şöbələrin müdirləri Sevil Mehdiyeva, Qara Məşədiyev, Roza Eyvazova və Qəzənfər Kazımov isə vəzifələrindən uzaqlaşdırılıblar. Məlumatda o da qeyd edilir ki, T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonrada onu razılaşdıra biliblər.

Məhəmməd
AzNews.az