Sabiq baş prokuror Hava Limanındakı davadan danışdı: “Yaxınlarım xəsarət alıb”

26 Dekabr 2013 13:56 (UTC+04:00)

"Bir şey deyə bilərəm ki, yaxınlarıma hücum olub. Bu hadisənin hansı şəraitdə və səbəbdən baş verməsindən məlumatsızam. Amma araşdıracağam".

Bunu AzNews.az-a açıqlamasında sabiq baş prokuror İxtiyar Şirin bildirib. Ötən gün Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən davada yaxınlarının iştirakı haqda danışan İ. Şirin deyib ki, onun yaxınları iki nəfər olub və 6 nəfərin hücumuna məruz qalıb:

"Yaxınlarım Moskvadan gəlirdilər. Amma hücum Bakı Hava Limanında olub".

İ. Şirin qeyd edib ki, xuliqanlıq edənlərin saxlanılıb-saxlanılmadığı barədə məlumatı yoxdur: "Hadisə ilə bağlı saxlanılan olduğunu bilmirəm. Amma hər şey göz qabağında olub. Zərərçəkənlərin xəsarətləri var".
Sabiq prokuror davada xəsət alanların onunla hansı qohumluq əlaqələrinin olması barədə danışmaq istəməyib:

"Bunu çox xırdalamaq istəmirəm. Amma bir şeyi deyə bilərəm ki, 6-7 nəfər iki nəfərə hücum edərək, xəsarət yetiriblər".

Qeyd edək ki, AzNews.az-ın yaydığı xəbəri davada oğlunun iştirak etdiyi söylənilən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov da təsdiqləyib. Lakin o, davada oğlunun deyil, başqa şəxslərin iştirak etdiyini bildirib.

Elnur
AzNews.az