Yeni il tətilində Azərbaycan milyonlarla pul itirir- MONİTORİNQ

26 Dekabr 2013 14:12 (UTC+04:00)

Ölkədə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 1 həftəlik tətil olacaq.

Artıq bir neçə ildir ki, bayramlarda və tətil günlərində Azərbaycandan Gürcüstan və Türkiyə kimi yaxın ölkələrə gedən turist sayı yüz minlərlə ölçülür.

Bu sahədə monitorinq aparan Azərbaycan Miqrasiya Mərkəzi müəyyən edib ki, qonşu İran və Türkiyədən Azərbaycanla müqayisədə Gürcüstana turist axını daha çoxdur.

Azərbaycan Miqrasiya Mərkəzinin qənaətinə görə, turizm baxımından ölkəmiz Gurcüstanla müqayisədə daha çox imkanlara malikdir: "Buna baxmayaraq, bölgədə Gürcüstan turizm mərkəzinə çevrilir. Bu, Azərbaycanda xidmətin səviyyəsinin aşağı olması və süni yaradılmış bahalıqdan irəli gəlir.

Orta hesabla Azərbaycanda 1 həftəlik istirahətə təxminən 1000 manat tələb olunduğu halda, bu məbləğlə Gürcüstanda ən azı 2 həftə istirahət etmək olar. Təkcə Azərbaycandan 2013-cü ildə istirahət üçün Günrcüstana üz tutan türistlərin sayı 1 milyona yaxın olub.

Bu isə ümumilikdə Azərbaycanda turizm sahəsinin inkişafına və nəticədə dövlət büdcəsinə ciddi zərbədir. Əslində İran və Türkiyədən olan turistlər üçün Gürcüstanla müqayisədə Azərbaycan daha əlverişlidir. Xüsusilə dil baryerinin olmaması, qış turizmi üçün əla şəraitin yaradılması, dənizin yaratdığı əvəzsiz imkanlardan istifadə, ölkədəki iqtisadi inkişafın hesabına maraqlı tikililərin sayının artması turizmin imkanlarını genişləndirən haldır. Ancaq Türkiyə və İran İslam Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına gəlişinə viza rejimi tətbiq etməklə bu fürsətlər əldən verilir".

AMM hesab edir ki, neft satışından əldə olunan gəlirlərin azaldığı bir zamanda Azərbaycanı bölgədə turizm mərkəzinə çevirmək çox zəruridir: "Bunun üçün əlaqədar orqanlar bu sahədə konkret addımlar atmalı, turizm obyektlərində qiymətlərə yenidən baxılmalı və xidmət səviyyəsi yüksəldilməlidir. Eyni zamanda, müvafiq təhlükəsizlik tədbirləri görməklə Azərbaycan üçün əsas turist potensialı rolunu oynayacaq İran İslam Respublikası və Türkiyə Respublikası vətəndaşlarının Azərbaycana gəlişi üçün vizasız rejim tətbiq edilməlidir".


Elnur
AzNews.az