Natiq Miri: Bu, ermənilərin qurduğu plandır”

14 Avqust 2012 15:17 (UTC+04:00)

"Hazırda Dağlıq Qarabağda siyasi və hərbi elita arasında böyük qarşıdurma və xaos yaşanır. Bu, xüsusilə qondarma qurumda "prezident" seçkilərindən sonra özünü biruzə verdi. Seçkinin nəticələrinə etiraz əlaməti olaraq bəzi hərbçilərin göstərişi ilə Qarabağ cəbhəsində bir çox önəmli strateji mövqelər tərk edildi. Və bunun böyük bir xaosa çevrilmə təhlükəsisinin qarşısını almaq üçün Ermənistanın hərbi rəhbərliyi təcili tədbirlər görmək məcburiyyətində qaldı. Bu gün də proses davam etməkdədir". Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Natiq Miri deyib.


O, bildirib ki, ermənilər cəbhə xəttində aktivləşməklə bir növ Azərbaycan tərəfinə sanki erməni ordusunda heç nə olmadığını göstərmək, daxili auditoriyanı sakitləşdirmək və beynəlxalq aləmdə erməni ordusunun hələ də güclü olduğu haqda təəssürat yaratmaqdır: "Ukraynadan müasir silahların alınması haqda dövriyyəyə buraxılan informasiyaların da kökündə məhz bu nədənlər dayana bilər. Hər halda informasiyanın məhz indiki zamana hesablanması müəyyən şübhələr yaradır. Bu, ermənilərin özlərinin qurduğu plandır".


Ermənilərin cəbhədə xətdində snayperlər yerləşdirməsinə də münasibət bildirən politoloq deyib ki, Snayper yerləşdirilməsi məsələsində heç bir qanundan söhbət gedə bilməz: "Azərbaycan tərəfinin ermənilərdən qat-qat güclü olduğuna görə ermənilər snayperlərin sayını artırmaq qərarına gəliblər. Bu addım həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətini yenidən bu məsələyə cəlb etməyə hesablanıb. Bildiyiniz kimi Azərbaycan tərəfi snayperlərin geri çəkilməsi təklifini qəbul etməyib. Çünki bu, problemin həlli yolu deyil və getdikcə prosesin hərbsizləşdirilməsinə xidmət etdiyindən Azərbaycan bunu qəbul etmir".


İlkin

AzNews.az