Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj

30 Dekabr 2013 08:16 (UTC+04:00)
Paytaxt bazarları ilə yanaşı rayon bazarlarında da Yeni il öncəsi qiymət artımı müşahidə olunur. Bazarlardakı kənd təsərrüfatı məhsullarının əksəriyyətini xarici ölkələrdən gətirilən meyvə -tərəvəz tutur.

Göyçay bazarında AzNews.az əməkdaşının apardığı müşahidələrə əsasən bazarda gözə dəyən yeganə yerli məhsul nar olub. Əksər meyvə-tərəvəz İran, Türkiyə, Gürcüstan kimi ölkələrdən gətirilir və yerli məhsulla müqayisədə baha qiymətə satılır.

Bahalı meyvəli Göyçay bazarı


Bazarda aparılan müşahidələr göstərib ki, alma, portağal, banan, üzüm, qoz və fındıqda qiymət artımı 50 qəpiklə 1 manata qədərdir. Hazırda rayon bazarına Gürcüstandan gətirilən və əhalinin gündəlik qida rasionunu təşkil edən kartof-soğan kimi kənd təsərrüfatı məhsulları bir ay əvvəl kiloqramı 70-90 qəpiyə satılırdısa, indi qiymətlər 1 manat 50 qəpik və 2 manat arası dəyişir.

Alıcı Mahir Ələsgərovun sözlərinə görə, qiymətlər günbəgün bahalaşdığı üçün ürəkləri istəyən qədər bazarlıq edə bilmirlər:

"Etdiyim bazarlıq məni qane eləmir. Nə isə alanda digərini ala bilmirik. Xarici məhsullar bazarda daha bahadır".

Satıcılar isə deyir ki, başqa yerdən məhsul gətirmək onlara da sərfəli deyil.

"Xüsusilə də yanacağın bahalaşması və yol xərclərinin artmasından sonra bu bizə sərf etmir" deyə satıcı Afiq Məmmədov bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl 50 manat verib aldığı malı indi 70 manata alıb: "Bunu görə də qiymətlər qalxıb. Malı əvvəlki qiymətə satmaq sərf eləmədiyindən qiymətləri qaldırmaq məcburiyyətində qalmışıq".

İstehsal üçün lazımi şərait yoxdur


Bazarda qiymət artımının qarşısını almaq üçün yerli istehsala üstünlük verilməsi əsas şərtlərdən biri olsa da, istehsalçılar vəziyyətdən şikayətçidir.

"Əkib becərdiyimiz meyvə-tərəvəz məhsullarını qışa qədər saxlamaq olmur. Çünki rayonda soyuducu anbarlar azdır. Ona görə də məhsul yetişən kimi elə sahədəcə dəyər-dəyməzinə satırıq" deyə istehsalçılar bildirir. Yerli fermer Zabit Mayilovun sözlərinə görə, istehsal üçün lazımi şəraitin olmamasından gileylənir: "Normal istimə sistemləri olsa istixanalarda yerli məhsullar istehsal edə bilərik. Amma hazırda bu mümkün deyil".

Beləliklə təkcə paytaxt yox, elə rayon sakinləri də daha bir yeni ili bahalığı uzun müddət unudulmayacaq süfrə arxasında qarşılamalı olacaqlar.

Tural Mustafayev
AzNews.az