Rəza Zərrabın həkimi təkzib etdi

26 Dekabr 2013 15:44 (UTC+04:00)
"Rza Zərrabın böyrəyində problem olması doğrudur. Ancaq bu xəstəlik həyat üçün riskli sayılmır. Onun xərçəngdən əziyyət çəkməsi xəbərləri doğru deyil".

Bu sözləri "Yeni Müsavat"a açıqlamasında Türkiyədə həyata keçirilən 17 dekabr böyük rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın həkimi deyib.

İstanbul klinikalarından birində çalışan həkim (adı bizə bəlli olsa da müəyyən məqamlara görə açıqlamırıq) deyir ki, Rza Zərrabın böyrəküstü vəzində kist var:"Bu davamlı müalicə ilə sağala bilən xəstəlikdir. Xüsusi ehtiyac olduqda isə cərrahi müdaxilə ilə götürülə bilər. Ancaq bu zamana qədər belə bir ehtiyac yaranmayıb. Söhbət xırda bir hissəcikdən gedir. Onun xəstəliyi heç bir halda ölüm təhlükəsi yarada bilməz".

Yada salaq ki, həbs olunan gündən Rza Zərrab dəfələrlə xəstəxanaya aparılıb. Rza Zərraba yaxın qaynaqlar onun xəstəliyinin ciddi olduğunu bildirir. Türkiyənin ünlü sənətçilərindən İbrahim Tatlısəs də bir neçə gün öncə Rzanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, Rza qısa müddət öncə bu haqda özü Tatlısəsə deyib.

Bir sıra qaynaqlar isə iddia edir ki, Rza Zərrabın heç bir ciddi xəstəliyi olmayıb. Onun sağlam görünüşü və keçirdiyi həyat tərzi belə deməyə əsas verir. Bu iddiada bulunanların fikrincə, 29 yaşlı Rza Zərrab "xəstəliyini" bəhanə edərək istintaq prosesində özünə daha üstün mövqelər qazanmağa çalışır.

AzNews.az