Evimizdəki yad adam
27 Dekabr 2013 09:18 (UTC+04:00)
Bəri başdan deyim ki, bu nə gileydi, nə də narazılıq.
Bu ölkədə yazı-pozuyla məşğul olmaq iztirabdan, məhrumiyyətdən, problemdən başqa bir şey deyil. Bilirəm, ağzıgöyçəklər yüz söz deyəcək bu yazıdan sonra. Onu da bilirəm ki, haqlı olaraq "narazısan, get başqa işlə məşğul ol" deyəcəklər. Deyin dostlar, deyin. Bu ölkədə ən asan şey bir yazarı qabağına qoyub uşaq kimi danlamaqdır.
Çox dedilər "qayıt bu yoldan", "get düz-əməlli bir işlə məşğul ol", daha pullu, daha perspektivli təkliflər də etdilər. Getmədim, gedə bilmədim. Yox, bəlkə də getməyə cəsarətim çatmadı. Şöhrət, tanınmaq, oxunmaq, tərif eşitmək yolumu kəsdi, yolumu bağladı...
Etiraf edim ki, yazmağa başlayanda nə ədəbiyyata, nə mədəniyyətə, nə də ölkəyə, millətə xidmət etmək məqsədini qarşıma qoymuşdum. Bütün bunları fikirləşəcək yaşda deyildim neft lampasının işığında cızma-qaralar edəndə...
"Qoy desinlər ki, filankəs şairdir" havasıyla yazırdım. Orta məktəbdə oxuyurdum bu qəfil qəza başıma gələndə.
Yazdım, oxudular.
Redaksiyalara göndərdim, çap etdilər...
Sonra yazıya sığındım.
Darıxdım, yazdım.
Təkləndim, yazdım.
Tərk edildim, yazdım.
Uğursuzluq yaşadım, yenə yazdım.
Yazıya, sözə sığındım.
Necə və nə yazmağımdan asılı olmayaraq, allahdan da, valideynlərimdən də küsəndə, sözlə, yazıyla təskinlik tapdım.
...Tələbəlik illərində çox cəhd elədim ki, yazmayım, başqa bir işlə məşğul olum, alınmadı.
Fəhləliyi bacarmadım, müəllim kimi uğur qazana bilmədim, kiçik bir biznes qurdum, batırdım.
Hər dəfəsində də qınaq, danlaq, giley-güzar və uğursuzluğun gətirdiyi depressiya...
Kitab təqdimatlarında, imza günlərində, şeir gecələrində, içki məclislərində eşitdiyim xoş sözlər məni ovsunladı. Hər yazıdan sonra aldığım mesajlar, oxucu zəngləri, elektron mediada yazılarıma yazılan şərhlərdən, haqqımda yazılan yazılardan qanadlandım, özümü xoşbəxt hiss elədim. Əsl xoşbəxtlikdən isə, addım-addım uzaqlaşdım.
...Çıxdığım bu yolda əlimdən tutub yol göstərənlər də oldu, badalaq vurub yıxmağa çalışanlar da. Hər şeyə rəğmən yazmaqdan vaz keçmədim. Dost qazandım, dost itirdim. Bu günə qədər qazandığım və itirdiyim hər şeyin baiskarı söz oldu, yazı oldu, yazmaq oldu.
...Əvvəl kiçik bir çevrəm vardı. Ailəm, qohumlarım, uşaqlıq və tələbəlik dostlarım. İndi ölkənin ən ciddi fikir adamlarıyla, ən maraqlı yazıçıları ilə, ən sevilən şairləri yoldaşlıq edirəm. Hər yazımdan sonra görüşməyi, fikir mübadiləsi aparmağı təklif edən oxucularım, bir balaca kefim pozulanda saatlarla dərdləşə biləcəyim qələm dostlarım var. Bütün bunları mənə qələmim, yazdıqlarım qazandırıb.
...Bir də ailəm var. Normal yaşamağı, sakit həyatı, qayğıkeş ailə başçısını arzulayan ailəm...Və nə yazıq ki, günümün cəmi 1-2 saatını da aid olduğum insanlara həsr edə bilmirəm. Onlar başqa dünyanın adamları deyil, mənə, mənim dünyama aiddirlər. Amma mən onların dünyasına yadam. Bir damın altında aramızda getdikcə dərinləşən uçurumu sezməyə başlamışam. Ayıldım ki, virtual aləmdəki "dostların", "doğmaların" qayğıkeşliyi başımı yaman qatıb. Ailəmdən başqa hamının doğması, sevimlisi, əzizi olduqca yadlaşdım. Bu günlərdə birdən-birə hiss elədim ki, onlardan uzaqlaşıram. Beş yaşlı oğlum mənə ata demək əvəzinə, rəsmi müraciət etməyə başlayıb.
"Gecən xeyrə qalsın, Cəlil Cavanşir!", "Cəlil Cavanşir, mənə süd almaq yadından çıxmasın!"
Həyat yoldaşımla evimizin qayğılarından danışmaq əvəzinə kitablardan, yazdıqlarımdan danışmağa cəhd elədim. Məişət qayğıları aşıb daşanda qadınına şeir oxuyacaq qədər səfehləşdim.
...Hər axşam kresloya çöküb yarımçıq qoyduğum kitabı əlimə alanda televizorun səsini qısan oğlumun üzündəki narazılıqda zərrə-zərrə ona yadlaşdığımı hiss eləmədim. Hər içki məclisindən qayıdandan sonra pəncərəni taybatay açıb gözünü boşluğa zilləyən qadınımla aramızdakı milyonlarla kilometrlik məsafəni ciddiyə almadım. Bir şəhərdə yaşasaq da, aylarla üzünü görmədiyim doğmalarımın gileylərində onlar üçün vecsiz birinə çevrildiyimi dərk eləmədim.
Bir gün növbəti yazını bitirib, mətbəxdə siqaret sümürəndə başa düşdüm ki, bütün normal adamlar bu saatda ya yatır, ya da uşaqlarına nağıl oxuyur...
...Və bütün bunları düşündükcə doğmalarımın içərisində təkliyimi hiss elədim...
...Həəə, onu deyirdim axı, bu ölkədə yazı-pozu ilə məşğul olmaq yaxşı heç nə vəd eləmir. Uzaqbaşı qohumlarından, doğmalarından uzaqlaşıb lazımsız bir adama çevrilirsən...
kulis.az