AXCP: “İbrahimbəyovun getməsində Müsavat günahkardır”

27 Dekabr 2013 09:49 (UTC+04:00)

"Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefa verməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təəssüflə qarşılandı".


Bunu AzNews.az-a AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun istefasında müstəsna rolu olan Müsavat Partiyası günahkardır və onlar cəmiyyət qarşısında cavab verməlidir:

"Rüstəm bəy onun fəxri sədrliyini bəhanə gətirib, Milli Şuraya qarşı kampaniya aparanların bəhanəsinin qarşısını almaq üçün bu addımı atdı. O, bunlara görə istefa verməyə məcbur olub. Son günlər Müsavat Partiyasının rəsmiləri Rüstəm bəyin fəxri sədrliyini bəhanə gətirərək, Milli Şuradan ayrılmaq məsələsini müzakirəyə çıxarıb. Rüstəm bəyin bu istefası ilə guya, ortalığın durulmasını zənn edirlər.

İndi Müsavat Partiyası buyurub cəmiyyətə izahat versin ki, hansı əsasla onlar Milli Şuradan ayrılmaq istəyirlər. Rüstəm bəyin fəxri sədr seçilməsi Xalq Cəbhəsi Partiyası sədrinin təşəbbüsü ilə olmuşdu. Məqsədimiz də Rüstəm bəyin Milli Şuranın yaranmasındakı müstəsna rolunu və demokratik proseslərə verdiyi töhfələrin qiymətləndirilməsi olub.

Rüstəm bəyin istefasına səbəb olmuş prosesin iştirakçıları cəmiyyət qarşısında mənəvi məsuliyyət daşıyırlar".

Elvin
AzNews.az