Rza Zərrab hərraclara borcunu ödəməyib

27 Dekabr 2013 09:59 (UTC+04:00)

Türkiyədə rüşvət qalmaqalına görə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab hərracları olduqca pis vəziyyətə qoyub.


Belə ki, R.Zərrab həbsindən əvvəl hərrac yolu ilə 20 milyona yaxın türk lirəsi dəyərində tablo və antik əşyalar alıb.

Həbsindən 2 gün əvvəl isə "Antik A.Ş"nın keçirdiyi hərracda 1 milyon 50 min lirəyə Nazmi Ziyanın tablosunu satın alıb.

Eyni hərracda 250 min lirəyə və 380 min lirəyə daha iki antik boşqab alan R.Zərraba aldıqları çatdırılsa da, ödəmə aparılmayıb.

Daha sonra R.Zərrab saxlanılıb və aldığı bütün əşyalar müsadirə olunub. Buna görə də hərracı keçirən "Antik A.Ş" nə satdığı malları, nə də pulunu geri ala bilir.

Elnur
AzNews.az