“Müsavatın bəhanəsi kəsildi” – Vidadi Mirkamal

27 Dekabr 2013 12:01 (UTC+04:00)
"Rüstəm bəyin fəxri sədrliyini bəhanə edib mübarizədən yayınanların və birliyə zərər vurmaq niyyətində olanların bəhanəsi əlindən alındı".


Bunu AzNews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. Onun fikrincə, bu istefa özlüyündə heç nəyi dəyişməsə də, suların durulmasında müəyyən rol oynaya bilər: "Maraqlıdır, bundan sonra nələr baş verəcək? Amma hər bir halda Milli Şuranın monolitliyinin qorunması və onun möhkəmləndirilməsi istiqamətində təcili addımlar atılmalıdır.

Yoxsa fəaliyyət olmayan yerdə dedi-qodular və intriqalar arta bilər. Bu da demokratik qüvvələrin konsolidasiyasına zərbə vura bilər. Müsavat yetkililərinin son addımları birliyin zərərinə olan hərəkətlərdir.

Əgər bu addımlar davam etsə, demokratik düşərgə öz gələcəyini və birliyini bu hərəkətlərin girovuna çevirməməlidir. Demokratik düşərgə bu birliyə həvəsi olanların birliyini təmin etməlidir. Əks halda belə birliyin faydası da olmaz".

Elvin
AzNews.az