Polislərlə bağlı qanuna dəyişiklik olundu

27 Dekabr 2013 12:55 (UTC+04:00)

Milli Məclis "Polis haqqında" qanuna dəyişikliklə bağlı layihəni müzakirəyə çıxarıb.

AzNews.az-ın xəbərinə görə, dəyilikliə əsasən, 14-cü maddənin 4-cü bəndi aşağıdakı redaksiyada verilir:

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq; 23-cü maddənin 5-ci bəndi isə: "tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir); əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyini qeydə almalıdır;".

Bundan başqa, polisin səlahiyyətləri ilə bağlı daha bir neçə qayda dəyişdirilib. Layihə səsə qoyularaq qəbul olunub.

AzNews.az