Sabir Rüstəmxanlıdan - “Dərdə əyilmə“

27 Dekabr 2013 14:35 (UTC+04:00)

"Kitabı Müstəqillik yolunun mənəvi xəritəsi və ya itirilmiş imkanlar haqqında elegiya da adlandırmaq olar".


Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının yenicə çapdan çıxmış "Dərdə əyilmə" kitabının annotasiyasında belə yazılıb.

"Köhnə dünyanın yeni düşüncəsi" başlığı ilə çıxan kitabda müəllifin publisistik yazılarının bir qismi toplanıb.

Kitabın girişində deyilir ki, məqalələrin yazıldığı illər Azərbaycan tarixinin şərəfli, ancaq itki və faciələrlə dolu, müharibənin fiziki və mənəvi yaraları altında xalqın ürəyinin sızladığı illərdir.

Azərbaycanın müstəqillik hərəkatının liderlərindən və müstəqil dövlətin qurucularından olan müəllif bu çətin dönəmin qüruru ilə yanaşı, bütün ağrılarını da yaşayıb.

Sabir bəy öncə kitabın adını "Dərd" qoymaq istəyib. Onun fikrincə, kitabdakı yazıları birləşdirən son 30 ildə yaşadığımız dərdlərdir.

Amma sonra niyyətinin dərdləri közərtmək deyil, ona sinə gərmək, onu dəf etmək, yolsuzluqdan yol bulmaq olduğunu düşünüb və "Dərdə əyilmə" deyib.

672 səhifəlik kitab 1000 tirajla "Qanun" nəşriyyatında çapdan çıxıb.

AzNews.az