GİZ jurnalistlər üçün müsabiqə elan edib

27 Dekabr 2013 16:07 (UTC+04:00)

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" regional proqramı jurnalistlər arasında "Torpaq sahələri və evlər üzərində mülkiyyət hüququ: qanunvericilyin tətbiqinin aktual məsələləri" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqəyə Azərbaycan Respublikasında torpaq və evlər üzərində mülkiyyət hüququnun əsasında dayanan prinsiplər, fiziki və hüquqi şəxslərin mülkiyyət hüququna əsassız müdaxilələrdən qorunması sahəsində dövlətin öhdəlikləri, torpaqların və evlərin dövlət ehtiyacları üçün alınması, dövlət ehtiyacları üçün alınan mülklərlə bağlı ədalətli kompensasiya almaq hüququ, torpaq və evlər üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi, inzibati orqanlarda və məhkəmələrdə həmin hüquqların pozuntusundan doğan mübahisələrə baxılması, bu sahədə ölkədəki durumun mütərəqqi xarici təcrübə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müqayisəli təhlil və s. mövzulara həsr olunmuş təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları:

- ölkədə torpaq və evlər üzərində mülkiyyət hüququnun təmin olunması sahəsində durumun real durumunun real hadisə(lər) əsasında təhlili;

- torpaq və evlər üzərində mülkiyyət hüququna əsassız müdaxilələrlə bağlı problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi;

- yazının vətəndaşların torpaq və evlər üzərində mülkiyyət hüquqlarını həyata keçirmələri və onların maarifləndirilməsi baxımından əhəmiyyəti;

- mülkiyyət hüququnun təmin olunması sahəsində dövlətin pozitiv öhdəlikləri ilə bağlı ictimai mesajların verilməsi;

- yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN

İkinci yer – 400 AZN

Üçüncü yer – 300 AZN

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 07 yanvar 2014-cü ildən 17 fevral 2014-cü ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

AzNews.az