Müəllimə dəm qazından zəhərlənərək öldü

28 Dekabr 2013 08:26 (UTC+04:00)
Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Şamaxı Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, hadisə dekabrın 27-də gecə saat 23:00 radələrində Şamaxı şəhərinin Tofiq İsmayılov, 6 ünvanında yerləşən mənzilin hamam otağında baş verib.

Ev sahibi, 1959-cu il təvəllüdlü Rəcəbova Arəstə Ağanəzər qızı kustar üsulla hazırlanmış su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən dəm qazından zəhərlənib. Həyat yoldaşı onun bir saatdan çox hamamda səssiz qalmasından narahat olub. O, qapını sındıraraq içəri daxil olub və A.Rəcəbovanın huşsuz vəziyyətdə yerə yıxıldığını görüb.

A.Rəcəbova təcili yardım maşını ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, yolda dünyasını dəyişib. İki uşaq anası olan Arəstə Rəcəbova Şamaxı şəhər 3 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)