“Media forum”- 9 il

28 Dekabr 2013 12:13 (UTC+04:00)
Bu gün "Media forum" saytının yaranmasının 9 ili tamam olur.

Sayt 2004-cü ilin dekabrın 28-də İnternyus-Azərbaycan İctimai Birliyinin layihəsi əsasında yaradılıb. Həmin vaxtdan 2011-ci ilin aprel ayınadək layihəni ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu (NED) maliyyələşdirib.

2011-ci ilin aprel ayından "Media forum" layihəsi "İREX Azərbaycan" təşkilatı, eyni zamanda İnternyus-Azərbaycan İctimai Birliyinin həyata keçirdiyi "İslam və demokratiya" layihəsi çərçivəsində maliyyələşir. İnternyus-Azərbaycan İctimai Birliyi "İslam və demokratiya" layihəsini İnternyus Şəbəkəsi ilə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun birgə dəstəyi əsasında reallaşdırır.

Daha çox jurnalist auditoriyası üçün nəzərdə tutulmuş "Media forum"un başlıca məqsəd və vəzifələri bunlardır: mühüm hadisələrlə bağlı xəbərləri, ekspert rəylərini çatdırmaq; müxtəlif problemlər ətrafında interaktiv müzakirələr keçirmək; media sahəsində çalışanları narahat edən məsələləri öyrənmək; monitorinqlər, araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq; insanların hüquq və azadlıqlarının müdafiəsində duran beynəlxalq və yerli təşkilatların hesabatlarını işıqlandırmaqla jurnalistləri vətəndaş cəmiyyətinin təşəbbüslərindən xəbərdar etmək; məsuliyyətsiz jurnalistikaya qarşı ardıcıl tənqidi mövqe tutmaqla jurnalistikanın keyfiyyətcə inkişafına yardımçı olmaq.
2005-ci ilin dekabrından sayt Azərbaycan dili ilə yanaşı, rus dilində də yayılır. 2005-ci ilin yanvar ayından 2007-ci ilin iyun ayınadək ingilis dilində materialların həftəlik xülasəsi də verilib.
Saytın baş redaktoru Azər Qaraçənlidir.

"Media forum"un əməkdaşlarını təbrik edir, onlara can sağlığı və yaradıcılıq müvəffəqiyyətləri arzu edirik.

AzNews.az