DİN-dən müxalifətə xəbərdarlıq: “İmkan verməyəcəyik”

29 Dekabr 2013 09:45 (UTC+04:00)
"Ötən gün dünyasını dəyişən Zaur Həsənovun vəfatı ilə bağlı qanunsuz aksiyaya çağırış edənlər, qanunla məsuliyyət daşıyırlar. Belə çağırışlar yolverilməzdir. Ona görə də, bu aksiyanın qarşısı alınacaq".


Bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Sadiq Gözəlov deyib.

S. Gözəlov bildirib ki, Zaur Həsənovun dəfni ilə bağlı dövlət tərəfindən bütün tədbirlər görülür:

"Mərhum bu gün saat 14.30-da Bibiheybət qəbristanlığında dəfn olunacaq. Bütün xərcləri rayon icra hakimiyyəti öz üzərinə götürüb. Bir insan kimi Qarabağ qazisinin vəfatı xəbəri bizim hər birimizi kədərləndirir. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk və Allah rəhmət eləsin deyirik!

Təəssüf ki, Z. Həsənovun vəfatından istifadə edib, bəzi müxalifət təşkilatları qanunsuz aksiyaların keçrilməsi ilə bağlı bəzi çağırışlar edirlər, amma buna imkan verilməyəcək".

Amid Əyyuboğlu
AzNews.az