Siyavuş Novruzov: “Müxalifət nə istəyir, mən bilmirəm”

29 Dekabr 2013 10:20 (UTC+04:00)
"Azərbaycan müxalifəti insan faciəsindən özlərinə divident qazanmaq istəyir".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: "Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişib və onun dəfni və digər məsələlərlə bağlı dövlət bütün lazım olan tədbirləri həyata keçirir. Azərbaycanın bəzi müxalifət qurumlarından daim hər şeydən istifadə etmək cəhdi var. Bu da o cəhdlərdən biridir".

YAP funksioneri qeyd edib ki, bütün baş verənlər ölkə qanunları çərçivəsində həll olunmalıdır: "Bir faciə baş verib. Ölkə rəhbərliyi də bu məsələyə xüsusi diqqət yetirib. Aidiyyəti qurumlar da lazım olan addımları atır. Bütün bunlar olduğu halda Azərbaycan müxalifəti nə istəyir, mən bilmirəm. Nəyə etiraz edir? Və bu etirazların məsələyə nə xeyri var?"

Xatırladaq ki, II qrup Qarabağ əlili Zaur Həsənov dekabrın 25-də özünü yandırıb. Dünən isə Zaur Həsənov müalicə olunduğu 5 saylı şəhər Xəstəxanasında aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Bununla bağlı isə bəzi müxalifət təşkilatlarının aksiya keçirilməsinə çağırış ediblər.

Amid Əyyuboğlu
AzNews,az