Əjdər Tağızadə: “Zəlzələ zonasına göndərilən yardımlar mənimsənilir”

15 Avqust 2012 09:42 (UTC+04:00)



Cənubi Azərbaycanda baş verən zəlzələ nəticəsində zərər çəkən soydaşlarımızın sayı durmadan artmaqdadır. Rəsmi Tehran ölkənin bütün ərazisində matəm elan etməsə də vəziyyətdən çıxmaq üçün yardım təkliflərindən imtina etmir. Xüsusilə də dost və qardaş saydığı Ermənistandan. Maraqlıdır, təbii fəlakət sayəsində faciə ilə üzləşən soydaşlarımız süni şəkildə şimallı bacı-qardaşlarını ev-eşiyindən, yurd-yuvasından didərgin salan düşmən ölkənin yardımından imtina edə bilərmi?

Dünya Azərbaycanlılar Konqresinin (DAK) Daimi Şurasının sədri, əslən Cənubi Azərbaycandan olan Əjdər Tağızadə AzNews.az-a deyib ki, Ermənistanın təcavüzkar siyasəti başlanandan İran tərəfindən Ermənistana bu sitasətin mahiyyəti üzlərinə deyilməyib: "Amma güneyli soydaşlarımızda ermənilərin təcavückar əməlinə görə nifrət var. Ona görə də ermənilərin göndərdikləri yardıma da soydaşlarımız murdar bir şey kimi baxır. Heç onların yardımlarını da qəbul etməzlər. İran rejimi isə onu götürər və hətta ermənilərin yardım etmələrini reklam da edər. Üstəlik də soydaşlarımıza Azərbaycandan göndərilən yardımın qarşısını alıb, Ermənistandan göndəriləni verməklə, "baxın, görün ermənilər sizə yardım edir" deyərlər".


İrandakı mövcud rejimin həmişə öz maraqlarına uyğun addım atdığını bildirən DAK təmsilçisi qeyd edib ki, Türkiyə hadisə baş vevən gündən zərərçəkənlərə yardım karvanı göndərsə də, İran rejimi onu sərhəddən keçməyə qoymurdu: "Onlar hesab edirlər ki, Azərbaycandan və bütövlükdə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızdan güneyli bacıqardaşlarımıza yardım getsə, vəziyyət başqa cür ola bilər. Zəlzələ baş verməsinə baxmayaraq, Tehrandakı rejim yuxuda idi, İran rəsmiləri heç bir reaksiya vermirdilər. Amma şovinistlər hay-küyə düşdülər ki, baş verən zəlzələdən Azərbaycanın türk millətçiləri istifadə edəcəklər, türk millətçiliyinin dirçəlməsi üçün zəmin yaranacaq. İranın bütün informasiya vasitələrində türk dünyasından zərəçəkmiş bölgəyə yardımın göstərilməsinin qarşısının alınmasına çağırış cəhdləri müşahidə olunur. Zəlzələ baş verən gündən indiyə kimi yalnız Güneydə olanların özləri yardım göstərib. Kəndlərin çoxuna yollar olmadığından ora maşınla getmək mümkün deyil. Digər bir tərəfdən də polis yolları bağlayır, göndərilən yardımların onlara verilməsini tələb edirlər".


Bundan əvvəl baş verən zəlzələlər zamanı xaricdən göndərilən yardımların mənimsənildiyini, bazarlarda satıldığını deyən Ə.Tağızadə bildirib ki, bunu nəinki İranda, bütün dünyada bildilər. Zəlzələ nəticəsində tibbi yardıma ehtiyacı olanlara yardım göstərilməsinə gəlincə, Ə.Tağızadə bildirib ki, yaralılara yardımın səviyyəsi də ürəkaçan sayıla bilməz: "Güneydə insanlarımızın təcili yardım maşınları yoxdur. Heç onları maşınlarla da digər bölgələrdəki xəstəxanalara aparmırlar. 5 mindən artıq yaralının olduğunu səhiyyə nazirləri elan edir. Bəs niyə onların müəyyən hissəsi müalicə üçün Azərbaycana gətirilməsin? Niyə Suriyadan, Liviyadan yaralılar Türkiyəyə gətirilir, amma İrandan qonşu, qardaş Türkiyəyə tibbi ehtiyacı olanlar aparılmır?"


Gültən

AzNews.az