Bahar Muradova: “...bir daha belə hadisə baş verməyəcək”

29 Dekabr 2013 13:09 (UTC+04:00)
"Baş vermiş hadisədən təəssüf hissi keçirirəm və inanmaq istəyirəm ki, Azərbaycanda bir daha belə hadisə baş verməyəcək". Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Qarabağ qazisi Zaur Həsənovun vəfatı ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

Dövlətin müharibə əlillərinə və iştirakçılarına olan münasibətindən də danışan sədr müavini deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin əlil insanların problemlərinin həlli ilə bağlı atdığı addımlar hər kəsə bəllidir:

"Əlbəttə, bu kateqoriyadan olan insanların sayının çoxluğu hələ imkan verməyib ki, Azərbaycan dövləti Qarabağ əlillərinin bütün problemlərini həll etsin. Həmçinin, cəmiyyət inkişaf etdikcə bu kimi problemlərin də xarakteri, tələbatı dəyişir. Ancaq düşünürəm ki, Azərbaycan dövlətinin əlillərə, şəhidlərə, qaçqın və məcburi köçkünlərə göstərdiyi münasibət digər ölkələrə də nümunədir. Biz hər zaman humanist ideyalarla bu insanlara yaxınlaşırıq".

Amid Əyyuboğlu
AzNews.az