İsa Qəmbərdən AXCP-yə qarşı sərt mesajlar

29 Dekabr 2013 13:20 (UTC+04:00)
Müsavat başqanı İsa Qəmbər partiya Məclisinin bu gün keçirilən iclasındakı məruzəsində Müsavatı hədəfə alanlara, o cümlədən AXCP-yə qarşı sərt mesajlar verib.


"Müsavat qarşı elə bil Səlib müharibəsinə başlayıblar. Açırsan qəzetlərini İlham Əliyev əleyhinə bir yazı var, ya yoxdur, ancaq Müsavata qarşı bir neçə yazı var. Yay da "Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov" deyirdilər. İndi də "ya Milli Şura, ya da Milli Şura" deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər" deyə, başqan bildirib.

İ. Qəmbər daha sonra deyib: "Biz başa düşürük ki, Milli Şura Xalq Cəbhəsi, gənclərsiz, ziyalılarsız mümkün deyil. Ancaq məgər bunlar başa düşmürlərmi ki, Milli Şura Müsavatsız da mümkün deyil. Bəziləri Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar Milli Şuranı dağıtmaq istəyirlər. Bizim Milli Şuradan çıxmaq fikrimiz yoxdur. Bizimlə dostluğa, əməkdaşlığa, müttəfiqliyə razı olmayan qüvvəyə biz necə etimad göstərə bilərik? 6 aylıq Milli Şuranı müqəddəs elan edənlər 100 illik Müsavat Partiyasına qarşı Səlib müharibəsi elan ediblər. Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünki nümayəndələrini müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır" - İ.Qəmbər bildirib. /musavat.com/