25 bələdiyyənin işini prokurorluq araşdıracaq

29 Dekabr 2013 17:44 (UTC+04:00)
Dekabrın 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
AzNews.az-ın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzə müzakirə edilib. Qeyd olunub ki, 2013-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən illə müqayisədə artaraq 60.000-ə çatıb, onlardan 2700-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilib. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 364 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 25 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.500 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin olunub. Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunub.

Tədbirdə həmçinin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın səviyyəsinin artırılması, regional ədliyyə şöbələrinin və bələdiyyələrin milli assosiasiyalarının imkanlarından səmərəli istifadə olunması üzrə və digər tapşırıqlar verilib. Eyni zamanda, kollegiyada ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ikinci yarımili ərzində görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün əsas prioritetlər, o cümlədən Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının, habelə Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planlarının icrası ilə bağlı strateji istiqamət və tədbirlər müəyyən edilib, icra və notariat xidmətlərinin müasirləşdirilməsi, məhkumların hüquqlarının daha etibarlı qorunması, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, elektron xidmətlərin dairəsinin genişləndirilməsi, hüquqi maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı konkret göstərişlər verilib. Bununla yanaşı, əhaliyə göstərilən elektron xidmətlərin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların layihələri müzakirə olunaraq qəbul olunub. İclasda bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


AzNews.az