“Süni qiymət artımına yol verənlər cəzalandırılacaq”- XƏBƏRDARLIQ

30 Dekabr 2013 15:51 (UTC+04:00)
"Bakı şəhərinin müxtəlif yerlərindəki satış yarmarkalarında qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı yayılan məlumatlar əsassızdır".


Bunu AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Onun sözlərinə görə, dekabrın 28-dən etibarən yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində satış yarmarkaları təşkil edilib.

Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək.

A.Əliyev deyib ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yarmarkalara ciddi nəzarət olunur:

"Burada ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti bazara nisbətən ucuz satılır. Hazırda yarmarkalarda məhsul bolluğu müşahidə edilir və bu günədək heç bir süni qiymət artımına rast gəlinməyib. Əks halda süni qiymət artımına yol verənlər cəzalandırılacaq".


Amid Əyyuboğlu
AzNews.az