2 min manatlıq yolkaların deputat müştəriləri- Bakının yeni il mənzərəsi

30 Dekabr 2013 16:52 (UTC+04:00)
Yeni ili evdə yolkasız, bər-bəzəksiz və təbii ki, uşaq-böyük demədən bir çoxunun maraq dairəsində olan "kiçik partlayışlarsız" təsəvvür etmək mümkün deyil.


AzNews.az bayrama qısa müddət qalan paytaxtdakı bayramöncəsi vəziyyəti öyrənmək üçün müşahidələr aparıb.



Aydın olub ki, bayramı uşaqların ürəyi istədiyi şəkildə qeyd etmək üçün yolkadan tutmuş aksessuarlarına qədər hər şeydə qiymətlər "liderlik" edir.

Məsələn, əgər kimsə evinə yolka almağı son günlərə saxlayıbsa, bunun üçün bir həftə bundan əvvəlkindən daha 5 manat artıq ödəməlidir.

Satıcıların sözlərinə görə, ümidləri daha çox bayram hazırlığının son günlərinədir: "Ayın axırıdır, gözləyirik ki, maaş, pensiya alsınlar, ondan sonra alver artacaq. Elə də olur ki, dekabrın 31-də də yolka alan olur".

2 min manatlıq yolka və deputatlara qurban olan satıcı yolkaların qiymətinə gəlincə, 15 manatdan başlayaraq hər qiymətdə və hər keyfiyyətdə mal tapmaq olar. Şəhərin mərkəzində qiymətlərə bir də "perestij" artımı əlavə edilir.



Məsələn, Salatın Əsgərova küçəsindəki mağazada nə az-nə çox hətta 2 min manata da yolka var.

Satıcı 20 manatdan başlayaraq 2 min manata qədər hər qiymətdə yolka olduğundan maraqla danışır və əsl peşəkar satıcı kimi malı tərifləməkdən xüsusi zövq alır:

-Hər cibə uyğun malımız var. 20 manatdan 2 min manata qədər.

- 2 min manatlıq yolkanı alan var?


- Əlbəttə, var. Bu yolkalar bəzi mağazalarda 5 minə satılır. Bəziləri gedib ordan alırlar ki, desinlər bahalı yerdən almışam. Quraşdırma xərci də əlavə ödənilir. Bu yolkan qurmaq üçün azı 5 metr hündürlüyü olan ev lazımdır.

- 2 min manatı yolkaya xərcləyən kimlərdir?


- Niyə elə deyirsiz? Deputatlar 2 min maaş alır. Qurban olum deputatlara...



"Zır paket" istəyənlər dekabrın 31-i gəlsin"


Beləcə satıcını deputat müştərilərinin yolunu gözləməklə baş-başa qoyub bu dəfə "partlayıcı" axtarışına çıxırıq.

Ancaq faydasızdır. Qarşımıza çıxan bütün yeni il aksessuarları satıcıları ilə söhbətləşirik. Övladını arzusunu yerinə yetirmək istəyən ana rolu da işə yaramır, artıq pul ödəmək təklifi də. Hamısı deyir ki, partlayıcıların satışı qadağan edilib və heç kəs özünü risqə atmaq istəmir. Amma çıxış yolu göstərənlər də tapılır:

"Dekabrın 31-də gəlin. O zaman bəlkə tapıla. Əgər yerində satsalar biz də gətirərik. Amma hələlik satan yoxdur".



"Niyə məhz dekabrın 31-ni gözləməliyik?" sualının da cavabı var: "O gün polis nəzarəti az olur. İşləməyə bir az imkan verirlər. Təbii ki, qarşılıqlı".

"Zırpaketə görə 3 ildir içəridə yatan var"


Bəzi satıcılar isə uşaqların "zır paket" deyə adlandırdığı bu partlayıcıları tapmağın asan yolunu göstərir: "Məhəllələrdəki mağazalardan soruşun. Onlar satırlar, onlara polis imkan verir. Qiyməti də baha deyil 1 manat".

Satıcılar yeni il ərəfəsində belə bir qazanc mənbəyindən niyə əl çəkməsinin səbəblərindən də danışırlar. Əsas səbəb qorxudur:

-Hələ də satdığı "zırpaketdən" xəsarət alan uşağa görə içəridə yatan var. Düz 3 ildir. Bunu hamımız bilirik. Bilə-bilə 5 -10 manata görə özümüzü niyə oda ataq? İçəri girsək kim bizi qurtaracaq?"

Suala cavab vermək bizim imkanımız xaricindədir.

Arzusunu 3 manata göyə uçuranlar...




Buna görə də yolumuza davam edirik. Bu dəfə qarşımızda arzularını 3 manata göyə uçuranlar var. Təəccüblənməyin.

Yeni il aksesuarlarından biri də artıq budur- arzu balonu. Gənclər onu yaman çox sevib. Sevgilisi üçün 3 manat xərcləyib yeni ildə evlənmək arzusunun yerinə yetib-yetmədiyini xəyal edənlər az deyil. Satıcının başına xeyli adam toplaşıb.

Yeniliyi gözləri ilə görmək istəyənlər də, təcrübədən çıxaranlar da var. Yaxınlıqdakı polis əməkdaşı özü də çox maraqlanıb. Daha da yaxın gəlib nə baş verdiyini diqqətlə izləyir. Satıcı da deyəsən bundan xoşlanıb. Onun üçün 3 manatını alıb "arzu balonunu" göyə uçurmaqdan rahat iş yoxdur. Hər halda arzuları o yerinə yetirməyəcək ki...

Elnarə
Xəyalə
AzNews.az