Millət vəkili niyə oğurlanmışdı?

15 Avqust 2012 13:45 (UTC+04:00)


Türkiyənin Cumhuriyyət Xalq Partiyasından olan millət vəkili artıq sərbəst buraxılıb. Avqustun 12-də axşam saatlarında PKK terrorçuları tərəfindən qaçırıldığı bildirilən deputat Tuncelinin Ovacık rayonunda olarkən belə bir hadisə ilə üzləşib. Qaçırılma olayının Hüseyn Aygünün həyatı baxımından təhlükəsiz ötüşməsi gözlənilməz oldu. Xüsusilə də bu hadisənin pərdəarxası məqamları bəzi suallara cavab tələb edir. Maraqlıdır, bu olay rəsmi Ankaraya nələrin hesabına həll olunub?

"Türkiyə kimi böyük bir dövlətdən terrorçu bir qrupun istənilən bir şeyi alması mümkün deyil". Bunu AzNews.az-a siyasi şərhçi Qabil Hüseynli deyib. Onun sözlərinə görə, bunu AKP-yə qarşı şantaj kimi də qiymətləndirmək olar: "Qaçırılan millət vəkili müxalifətçi, özü də milliyyətcə kürd idi. Bu hadisəni Türkiyə hökumətinə qarşı şantaj kimi də qiymətləndirmək olar. Eyni zamanda onun təmsil olunduğu partiyanın şantajı daha çox ağıla gəlir. Çünki bu partiyanın sədri də milliyyətcə kürddür və Tuncelidəndir.

Görünür, millət vəkilinin girov götürülməsi ilə bu təşkilata müəyyən mesajlar vermək istəyirlər. Son zamanlar PKK məsələsində Cumhuriyyət Xalq Partiyasının sədri bir qədər fərqli danışmağa başlayıb. Yəni üstüörtülü şəkildə PKK təmsilçiləri ilə oturub-danışmağı tövsiyyə edir. Əslində isə rəsmi Ankaranın tələbi odur ki, PKK silahı yerə qoyaraq, təslim olduqdan, Türkiyə vətəndaşlarına qoşulduqdan sonra onlarla qaldırdıqları problem barədə danışıqların mümkün ola bilər".

Özü də Q.Hüseynli hesab edir ki, burada söhbət milli deyil, bölgəsəl problemlər ətrafında müzakirələrin aparılmasından gedir: "Bölgə xalqını təmsil edən bələdiyyə və digər nümayəndələrlə danışıla, bu istiqamətdə iş aparıla bilər. PKK sadəcə olaraq güc göstərmək, varlığını hər yerdə hiss etdirmək və bununla da ictimai rəyə təsir edən hərəkətlər edir. Sonuncu addım da həmin hərəkətlərdən biri idi. Amma bu addım PKK-nın xeyrinə işləmədi. Buna baxmayaraq fakt odur ki, PKK istənilən bir məsələdə fəaldır, aktivdir. Hələ də aranı qarışdıran, onlara dəstək verən dövlətlər, ilham verən siyasi qüvvələr var. Nə qədər ki, onlar ifşa edilməyib, o qədər mübarizə davam edəcək".

Gültən
AzNews.az