Deputat: “Ohanyanın dedikləri tamamilə qeyri-ciddi məsələdir”

15 Avqust 2012 16:08 (UTC+04:00)


Ermənistanın Müdafiə naziri Seyran Ohanyan armenpress.am saytına verdiyi müsahibədə - "Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirakı üçün ən münasib şərait yaranıb"-deyib. O, buna "Dağlıq Qarabağ respublikası"nın sürətli inkişafı və Minsk qrupuna üzv dövlətlərin tutduğu mövqeyin imkan verdiyini qeyd edib: "Həm Ermənistan həm də Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın danışıqlarada iştirak vaxtının çatdığını hesab edirlər. Bizə sadəcə bu məsələdə irəliləyişə nail olmaq və haqlı olduğumuzu sübut etmək üçün müəyyən qədər vaxt lazımdır".

Erməni nazirin bu fikirləri Azərbaycanda etiraza səbəb olub. Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev AzNews.az-a deyib ki, bu, ermənilərin növbəti uydurmasıdır: "Aparılan danışıqlarda belə bir məsələ gündəmə gətirilməyib. Bu erməni tərəfin növbəti uydurmasıdır". Onun sözlərinə görə, bu gün daha çox söhbət Dağlıq Qarabağın hər iki icmasının bir-biri ilə görüşüb, müzakirələr aparmasından gedir: "Danışıqlar prosesində hansısa icmanın iştirakından söhbət getmir. Hər iki icmanın bir-biri ilə görüşüb, müzakirələr aparması arzulanır. ATƏT-in qərarına görə, tərəflər Ermənistanla Azərbaycandır. Hər iki icma isə maraqlı tərəf kimi sənəddə qeyd edilir".

R.Rzayev onu da bildirib ki, itirilmiş münasibətlərin bərpası baxımından icmaların öz aralarında danışıqlar aparması çox vacibdir: "Amma Ohanyanın dedikləri tamamilə başqa məsələdir. Bu qeyri-ciddi yanaşmadır. Ermənistan rəhbərliyində təmsil olunanların hansının dedikləri ciddidir ki? Onların hamısı eyni dərəcədə qeyri-ciddidir".

Gültən
AzNews.az