Çörəyi boğazından çıxanlar...

16 Avqust 2012 15:08 (UTC+04:00)



Ölkə paytaxtının elə binasını tapmazsan ki, onun qabağında kimsə uca səslə nəsə satmaq məqsədi ilə qışqırmasın: "Ağcaqanad dərmanı", "xlor", "qatıq", "süpürgə", "pomidor-xiyar" nə bilim, nə... Əsasən səhər-səhər yuxunun şirin vaxtında adətən "budilnik" rolunu oynayan bu satıcılar insanların narahatlığına səbəb olur. Belə şəxslərin sərbəst şəkildə binaların qarşısında pərakəndə məhsullar sataraq hətta onların "reklamını" da təşkil etmələrinə kimlər icazə verir?

Bu suala cavab tapa bilmək üçün Bakı şəhər İcra Hakimiyyətindən məsul növbətçi Nüsrət Sadıqova müraciət etdik. O bizə bildirdi ki bununla Bakı Şəhər Ticarət və Xidmət departamenti məşğul olur və yeri gəldikcə müəyyən tədbirlər görülür.


Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən Əlabbas Bağırov bu məsələyə münasibətində bildirərək bunları söylədi: "Hazırda Bakı şəhər Ticarət və Xidmət Departamentinin işçi sayı imkan vermir ki, sizin qeyd etdiyiniz o cür fəaliyyətlə məşğul olanların hamısının öhdəsindən gələk. Biz bilmirik ki, o insanlar ora nə zaman gəlirlər. Əllərində gətirdikləri məhsulları haradan və necə gətirdiklərini də bilmirik. Bizim departamentin cəmi 60 nəfərdən işçisi var. Bu cür say tərkibi ilə biz bununla mübarizə apara bilmərik. 60 nəfərlə bunun qarşısını almaq ağlasığmaz bir şeydir. Bu sahə müvəkkilinin səlahiyyətinə daxil olan bir məsələdir. Bununla mübarizəni əsasən sahə müvəkkili aparmalıdır və orda satışla məşğul olan şəxslərin fəaliyyətinə icazə verməməlidir".


Bahadur

AzNews.az