Qanunsuz içilən sular kəsildi

16 Avqust 2012 20:04 (UTC+04:00)

Paytaxtda içməli sudan qeyri-qanuni istifadə halları aşkar olunub. Belə ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadənin aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. AzNews.az-a "Azərsu" ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ortaya çıxarıb.


Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən "Alov" Assosiasiyasına məxsus alkoqollu içkilər istehsal edən müəssisinin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt qeyri-qanuni çəkilmiş 65 mm diametrli su xəttindən istifadə edir. Müəssisəyə içməli su xammal tarifləri ilə (1 kubmetri 12 manat) satılsa da, su təchizatı sayğacdankənar aparılıb və sərfiyyat qeydə alınmayıb.Bununla yanaşı Sahil qəsəbəsində fəaliyyət göstərən daha 2 obyektdə - fiziki şəxslər Nadir Qubadova məxsus şadlıq evində və Zöhrab Kərimova aid kafedə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.


Qeyd edək ki, hər 3 obyektdə qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib və faktlar aktlaşdırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirildikdən sonra "Alov" Assosiasiyasına və fiziki şəxslərə qarşı cərimə tətbiq olunacaq.


Sevinc

AzNews.az