Müslüm Maqomayev: «Bakıya gəlmək ümidi məni heç zaman tərk etmir!»

17 Avqust 2012 09:04 (UTC+04:00)


AzNews.az-ın redaktoru Yaşar İsakovun Müslüm Maqomayevlə onun ölümündən bir müddət öncə götürdüyü müsahibəni təqdim edirik. Müsahibə əvvəllər bir sıra mətbu orqanlarında dərc olunub.

- Siz nə üçün...


- Sualı gözləmədən cavablandırmaq istərdim. Səhnədən ona görə getdim ki, onlar SƏHNƏNİN məndən tədricən uzaqlaşdığını görməsinlər! Səhnə mənim üçün canlı orqanizmdir, o, istedadları sevir və ruhlandırır. İstedadsızlara isə nifrət edir və qısa zamanda onları səhnədən aşağı atır!!! Buna görə də artist SƏHNƏ-yə hörmət etməli, onun səbrini sınamamalıdır…

Ən başlıca səbəb isə mənim artıq öz ifamdan həzz ala bilməməyimdir. 14 yaşımdan bülbül kimi cəh-cəh vururam. O zaman necə oxuduğumu, qarşıda məni ariyanın və ya mahnının hansı çətin hissəsinin gözlədiyini heç düşürmürdüm də.
50 ilə yaxın oxudum!!! Əvvəlcə sinif otağında qapını bağlayıb gün ərzində 6-7 saat ariya, romans və mahnı ifa edirdim. Musiqi, improvizə ilə məşğul olurdum… Buna görə də uzun illərdən sonra öz yaradıcılığımdan aldığım həzz yavaş-yavaş itməyə başladı… Bu da mənim ürəyimcə deyil. Heç xasiyyətimə də uyğun gəlmir.
Əlbəttə, insanların mənim səhnədən belə erkən gedişimdən narahat olmalarını, bundan kədərləndiklərini görmək çox xoşdur. Amma onlardan "Nə qədər oxumaq olar axı?!" fikrini eşitmək daha pis olardı.

Evdə musiqi ilə məşğul oluram. Ağlıma yeni fikirlər gələndə… Məsələn, hərdən oturub hansısa köhnə mahnını və ya məşhur melodiyanı yenidən işləyirəm. Bəzən beynimdə onlar yeni aranjemanda səslənməyə başlayır.

- Yeseninin yaradıcılığını sevirsiniz? "Əlvida, Bakı" sətrinin altında öz "imza"nızı qoymağa hazırsınızmı?

- Bir müddət əvvəl Yeseninin saytında mənim onun sözlərinə bəstələnmiş "Əlvida, Bakı" mahnım peyda oldu. Amma bu, heç də o demək deyil ki, BÖYÜK ŞAİRLƏ yanaşı, mən də DOĞMA ŞƏHƏRİMLƏ vidalaşdım. QƏTİYYƏN!!! Bakıya gəlmək ümidi məni heç vaxt tərk etmir!!! Ümid edirəm ki, Allah mənə şəfa verəcək və gəlib yenidən öz uşaqlıq, gənclik şəhərimi görəcəyəm. Tamara xanımla biz tez-tez bu haqda danışırıq. Kefsiz olduğumu görəndə, o, Moskvada çoxdan yaşadığımı xatırladıb məni sakitləşdirir… Deyir ki, artıq buna alışmalısan… Mən isə onu başa salıram: "Sən əslən moskvalısan və sənin Vətənin buradır. Mən isə BAKILIYAM və bu şərəfli adı unutmaq mümkün deyil!!!"

Harada yaşamağımızdan asılı olmayaraq, doğma şəhər həsrəti bizi heç zaman tərk etmir. Həyatda belələrini çox görmüşəm… Onların söhbətləri həmişə yalnız keçmiş illər və doğma yerlərin xatirəsi ilə məhdudlaşıb. Onu da deyim ki, Tamara xanım məni çox gözəl başa düşür. Əslində, o, özü də Bakı üçün, Xəzər üçün çox darıxıb…

Təəssüf ki, yaxşı dostlarımın çoxu dünyadan köçüb. Amma mənə əziz olan insanlar hələ də var. Sadəcə olaraq, onların hərəsi dünyanın bir nöqtəsindədir… Bu yaxınlarda böyük bir sürprizlə rastlaşdım. Uşaq vaxtı anam yaşadığı və işlədiyi yeri göstərmək üçün məni günəşli Bakıdan Rusiyanın uzaq Vışniy Voloçok şəhərinə apardı. Orada bir il yaşadım, uşaqlarla dostlaşdım. Ən yaxın dostum Jorik Kapustin idi… Sonra biz köçdük və bir-birimizi itirdik. Günlərin bir günü yubileyim ərəfəsində saytıma xəbər gəlir ki, Georgi Kapustin mənimlə görüşmək istəyir. Yubiley günü Moskvada onunla görüşdük. Bax, həyat bizə hərdən belə sürprizlərlə sevindirir.

Bakıda ən yaxın dostum Eldar Quliyevdir. Təəssüf ki, biz onunla yalnız telefonla əlaqə saxlaya bilirik. Amma tez-tez danışırıq! Piterdə Volodya Vasilyev, Moskvada isə həmişə gözəl sürprizlərlə bizi təəccübləndirən Araz Ağalarov!!! Belə sürprizlərdən biri də onun ad günümdə mənim üçün təşkil etdiyi DOSTLAR GECƏSİ oldu.

- Ad gününüzü necə qeyd etdiniz? Bakıdan Sizi təbrik etməyə kimlər gəlmişdi?

- Əsl ad günümü (17 avqust) adətən Heydər Əliyev və onun ailəsi ilə birgə Bakıda keçirirdim. Bu, bir ənənə halını almışdı. Prezident həmin gün Azərbaycanın ən məşhur adamlarını öz sarayına dəvət etmişdi. Onun dünyadan köçməsi və mənim səhhətimin pisləşməsi ilə bu ənənə də pozuldu.
Araz isə Moskvada özümü tənha hiss etməyim deyə əlindən gələni əsirgəmədi!!!
Onun təşəbbüsü ilə təşkil olunmuş məclisə ən yaxın dostlarım dəvət olunmuşdu – xalq sevgisini qazanmış sənətkarlar və yaxşı insanlar!

Gecənin sonunda "Krokus Siti" üzərində işıqlar yananda, mən elə gəldi ki, bu, sadəcə bir illüziyadır! Sən demə, gördüyüm əsl atəşfəşanlıq imiş. Araz Ağalarov məni çox təəccübləndirdi. Həyatın belə sürprizləri insanı ruhi sarsıntılardan xilas edir. Mən indiyədək həmin gecənin təəssüratı altındayam…

Arazın oğlu Emin Ağalarovla bizi bir araya musiqi gətirir. Onun uşaqılığı indi də yadımdadır. Yaraşıqlı balaca oğlan idi. Amma çox ağıllı və xeyirxah gözləri vardı. İndi də ona və gözəl həyat yoldaşı Leylaya baxanda, bu müasir cütlük məni sevindirir. Emin yaxşı biznesmendir, lakin mənim üçün o, ilk növbədə Preslinin mahnılarının mahir ifaçısı, gözəl əsərlər yaradan bəstəkardır. O, oxumaya bilməz, bu, mümkün deyil!

- Müslum müəllim, hazırda hansı işlər üzərində çalışırsınız?

- Hazırda çox məşğulam. Qarşıda məni Kiyev televiziyasının möhtəşəm çəkilişləri gözləyir. Yazıqlar yubileyimə də gəldilər, amma müsahibə ala bilmədilər… Əvəzində çoxlu fotoşəkil çəkdilər. Dmitri Qordon həmin şəkilləri öz jurnalında dərc etdirdi. Biz onunla çoxdan dostluq edirik. O, həm də mənim pərəstişkarımdır. İndi isə Ukraynada çox nüfuzlu bir şəxsdir! Dmitri mənimlə böyük bir müsahibə hazırlamaq istəyir. Suallarla əvvəlcədən tanış olmağı xoşlamadığım üçün çəkilişə yaxşı hazırlaşmalıyam.

Bundan başqa, Emin Ağalarovla bəzi yaradıcılıq ideyalarımız var. Həyatımda ilk dəfədir ki, mən kişi müğənni ilə duet oxumaq istəyirəm. Əvvəllər belə bir fikri heç ağlımdan belə keçirməmişəm. Onunla birgə məşhur "My way" mahnısını yazmışıq. Başqa planlarımız da var, amma qabaqcadan danışmağı sevmirəm. Ona görə hələlik susuram. İdeyanı əvvəlcə həyata keçirmək, sonra onu dinləyicilərin mühakiməsinə buraxmaq lazımdır. Eminin öz orkestri, aranjemançıları və s. var. Düşünürəm ki, hər ərsəyə gətirəcəyimiz iş ürəyimizcə olacaq.

- Bizdə olan məlumata görə, bir müddət əvvəl Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə tanış olmusunuz. Bu görüş Sizdə hansı hissləri oyatdı?

- Azərbaycanda mədəniyyət və turizm sahəsinə Əbülfəs Qarayevin rəhbərlik etdiyini çoxdan bilirdim. İnternet vasitəsilə Azərbaycan qəzetlərinin, informasiya agentliklərinin yaydığı yeniliklərlə həmişə tanış oluram. Onların sırasında "Day.Az" agentliyi, "Birja Plyus" qəzeti də var. Əbülfəs Qarayevin mədəniyyət haqqında fikir və rəylərini, gördüyü işləri bəyənirəm. Amma həmin günə kimi biz onunla şəxsən tanış deyildik.

Biz yubiley tədbirində görüşəndə onun nəinki istedadlı, zəhmətsevər insan, həm də diqqət çəkən və maraqlı bir şəxsiyyət olduğunu gördüm. Mən Əbülfəs Qarayev cənablarına belə çətin işdə uğurlar və həyatında səadət arzulayıram.

- Bir qədər futboldan danışaq? Hazırda Avropa çempionatının seçmə oyunları dövrü olduğundan, üstəlik, yığmamızın böyük məğlubiyyətlə üzləşdiyindən futbol mövzusu çox aktuallaşıb.

- Uşaqlıq və yeniyetməlik illərində futbol azarkeşi olmuşam. O vaxtlar "Neftçi"yə azarkeşlik edirdim. Sonra sevimli komandamın şöhrətinin getdikcə azalması məni futboldan soyutdu. Anladım ki, bütün əsəblərimi televizor vasitəsilə izlədiyim futbol matçlarına sərf etsəm, yaradıcılıq üçün gücüm qalmayacaq. Səhnədə isə bu, mənə daha çox gərəklidir. Bu qərarımdan sonra futbol və xokkey oyunlarına baxmaqdan əl çəkdim.

- Söhbətimizin sonunda nə əlavə etmək istərdiniz?

- Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya salamlarına və təbriklərinə görə təşəkkürümü bildirirəm!!! Əziz Azərbaycan xalqını da salamlayıram!!! Siz həmişə mənim qəlbimdəsiniz!!!

Yaşar
AzNews.az