Deputatlar Qənirə Paşayevanın təklifini necə dəyərləndirir?

17 Avqust 2012 10:08 (UTC+04:00)


Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb. Yardım kampaniyasında bütün vətəndaşlar, fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Millət vəkili Qənirə Paşayeva kampaniyaya dəstək olub və iki aylıq əmək haqqını zəlzələdən zərər çəkənlərə verib.

Q.Paşayeva həmkarlarını da kampaniyaya dəstək olmağa, iki aylıq maaşlarını bu məqsəd üçün ayırmağa çağırıb. Paşayevanın bu təklifi bir sıra millət vəkilləri tərəfindən müsbət qarşılanıb.

Təklifə münasibət bildirən millət vəkili Kamilə Əliyeva AzNews.az-a açıqlamasında deyib ki, soydaşlarımıza kömək etmək hər bir azərbaycanlının borcudur: "Mən də həmin kompaniyaya qoşulacam. Amma vacib deyil Qənirə xanımın dediyi kimi 2 ayın maaşı yardım edilsin. Kimin nəyə gücü çatır, onu etməlidir. Burada hər hansı məbləğ müəyyənləşdirmək düzgün deyil. Mən indi Bakıda deyiləm, qayıdan kimi öz köməkliyimi edəcəm".

Millət vəkili Qalib Salahzadə də həmin təklifi müsbət dəyərləndirib. O, bildirib ki, biz həmişə soydaşlarımıza yardım etmişik: "Hələ 1990-cı ildə İrana yardım göndərilməsində şəxsən iştirak etmişəm. O, zaman millət vəkili deyildim. Din xadimləri başda Hacı Allahşükür Paşazadə olmaqla öz köməkliyimizi göstərdik. İndi də Qənirə Paşayevanın təşəbbüsünün dəstəkləyirəm. Necə lazımdısa, o cür də kömək edəcəm. Biz bunu etməklə soydaşlarımıza mənəvi dəstək də oluruq. Onlar da bizim müsəlman qardaş-bacılarımızdır".

İlkin

AzNews.az