Hərbi ekspert İldırım Məmmədov vəfat edib

17 Avqust 2012 12:03 (UTC+04:00)


Azərbaycanın tanınmış hərbi eksperti, ehtiyatda olan polkovnik İldırım Məmmədov vəfat edib. Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, 61 yaşlı İ. Məmmədov ötən gecə ürək tutmasından dünyasını dəyişib. Mərhumun cənazəsi doğulduğu Tərtər rayonunun Qapanlı kəndinə aparılıb, orada dəfn olunacaq.

Qeyd edək ki, İ. Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib.

1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. İ. Məmmədov Sovet Ordusunun 4 alayında komandir müavin olub.

1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi.

AzNews.az