Suriyada 4 gün – Qənirə Ataşovanın təəssüratları -Fotolar

17 Avqust 2012 16:12 (UTC+04:00)



Uzun müddət Suriyada Əsəd rejimi ilə müxalifət dəstələrinin toqquşması, kütləvi qırğınlar, çox sayda əhalinin ölkəni tərk edib qonşu ölkələrə getməsi dünya mətbuatının gündəmində olan əsas məsələlərdəndir. Azərbaycandan da oradakı mövcud vəziyyəti cəmiyyətə göstərmək üçün müxtəlif KİV orqanlarından jurnalistlər göndərilib.


"ANS" televiziyasından Suriyaya ezam olunan Qənirə Ataşova dünən oradan qayıdıb. Jurnalist daxili çəkişmələrinin yaşandığı ölkədə bir gün qalıb. Qənirə Ataşova bir gün orada yaşadıqlarını Modern.az saytı ilə bölüşüb:


"Suriyaya Türkiyənin Hatay bölgəsindən keçdik. Həmişə sərhədlərini möhkəm qoruyan Suriya hakimiyyəti yaşanan olaylarla bağlı bu sahədə zəiflik nümayiş etdirir. Yəni əgər biz Suriyaya keçmək üçün nöqtə tapdıqsa, deməli, nəzarət zəifdir. Düzdür, biz sərhədi keçmək üçün münasib vaxt gözləməli olduq, çünki postların dəyişdirildiyi vaxt ən münasib vaxt sayılırdı. Biz də bundan yararlandıq. Qalın sıx meşəliklə irəlilədikcə bəzən hənirti eşidir və gizlənmək məcburiyyətində qalırdıq. Suriya hərbçilərinin, sərhədçilərin ola biləcəyindən ehtiyatlanırdıq. Amma qarşımıza çıxanlar şələsi başında olan suriyalı qaçqınlar oldu. Onlar da öz növbəsində bizdən çəkinirdilər. Gülümsəməklə həyəcanı geridə qoymuş olurduq".


Q. Ataşova bildirib ki, sərhədi keçəndən sonra böyük bir su anbarının üzərindəki körpüdən keçməli olublar. Onun sözlərinə görə, həmin ərazi də mühafizə olunmurdu. "Sonra yola çıxıb xeyli məsafəni piyada qət elədik və döyüşçülərin qərargahına, Lazkiya rayonuna gedib çıxdıq. Bu qərargah həm də bir səhra xəstəxanası idi. Ağır yaralılara orda ilkin yardım edilir, sonra isə Türkiyəyə göndərirdilər. Orada çalışan həkimlərin əksəriyyəti Türkiyədə təhsil alan suriyalı həkim tələbələr idi. Dərsi buraxıb insanlara kömək etmək üçün vətənlərinə geri dönmüşdülər. Bu qərargahda həm də müxtəlif tipli silah-sursat var idi. Burada benzin və çörəkdən başqa hər şey tapmaq olardı".


Jurnalist "müharibə gedən ölkənin dəhşətli mənzərəsi var. İnsanlar illərlə yaşadığı yurd-yuvasından didərgin düşüb", – deyə qeyd edib. Onun sözlərinə görə, bombardımanların ardı-arası kəsilmədiyindən insanlar sığınmağa yerlər axtarmaq məcburiyyətindədirlər: "Meşəyə də üz tuta bilmirlər, çünki meşələr yanaraq kül olub. Öldürücü silahdan yayınmaq üçün sadəcə ümid yeraltında qazdıqları sığınacaqlara qalıb. Bunu da hər kəs bacarmır. Lazkiyada güclə bir sınıq-salxaq maşın tapıb qızğın döyüşlərin getdiyi Homs şəhərinə doğru üz tutduq. Yol boyu qarşımıza çıxan ən ucqar kəndlər belə bombalanmışdı. İnsanların yatdığı yerdə evinə bomba düşür, kimisi ölür, kimisi ömürlük şikəst, kimisi isə yetim qalır. Kəndlərdə artıq bir yetim uşaqlar ordusu yaranmaqdadır".

Q. Ataşova bununla belə, əksər ailələrin evlərini tərk etməyi düşünmədiklərini müşahidə etdiyini deyir: "Onlara "niyə getmirsiniz?" sualına isə bir qadın ağlayaraq "Kəndim gözəldir, vətəndən şirin heç nə yoxdur", – dedi. Başqa bir ailə isə uşaqlarının 8-ini də Türkiyəyə göndərib, ər və arvad Suriyada qalmışdılar. "Bəs siz niyə getməmisiniz" soruşanda qadın ağlayaraq dedi ki, biz sonadək qalacağıq. Bəlkə də öləcəyik. Amma bir gün müharibə bitəcək. Övladlarımız geri dönəndə evlərinə qayıda bilsinlər deyə çıxmırıq".


Suriyaya iki Türkiyə jurnalisti ilə gedən Q. Ataşova Homs şəhərinə girmək istədiklərini, lakin bunun mümkün olmadığını vurğulayıb: "Homs altındakı Bucaq kəndi türkman kəndi idi. Bütöv bir kənd bombardıman edilmişdi. Homsa doğru getdikcə yolumuza döyüşçülər çıxırdı. Onlar Homs şəhərinin 3 tərəfdən hökumət qüvvələrinin nəzarətində olduğunu deyərək şəhərə yalnız bir nöqtədən girməyin mümkün olacağını dedilər. Həmin yol isə bütünlüklə dağıdılmışdı".


Homsa girə bilmədiklərini, zamanın az olduğunu deyən Q. Ataşova qeyd edib ki, "dönüş biletim olduğu üçün həm çəkilişi çatdırmalı, həm təhlükəsiz hərəkət etməli, həm də təyyarəyə çatmalı idim. Açığı mənə oradakı jurnalistlər də, türk hərbçiləri də "həyatını təhlükyə atıb gedirsən" dedilər. Türk sərhədçisi bizə nəzarətli ərazidən keçməyə icazə vermədi. Onda belə bir cümlə işlətdi: "Bir addım o yanda başınıza nə gələcəyindən heç kimin xəbəri olmaz". Amma insanın içində bir inam var. O inam mənə təhlükəsiz gedib gələcəyimi dedi. Həm də Allahıma çox güvəndim. Yadımdadır, biz Atakyada oteli səhər saat 5-də tərk elədik. Sərhədi keçənədək hər an geri dönə bilərdik. Amma otelin giriş qapısında belə bir kəlamın olduğu lövhə asılmışdı: "4 şeyi geri qaytarmaq olmaz. Atılan ox, deyilən söz, qaçırılan fürsət və itirilən zaman". Rəsmi işləyən müəllif sonunda imza yerinə belə bir cümlə qoymuşdu. "Fürsətini əldən vermə. Allah sizinlədir". Sanki bu cümlə mənə deyilirdi. Bunu oxuduqdan sonra içimdə tam əmin oldum ki, təhlükəsiz gedib gələcəyik. Bir də sən sərhəd şəhərində oturursan və görürsən ki, "BBC", "Reuters", "CNN"-in qadın müxbirləri gəlib qorxusuz keçirlər. Sən keçmək istəyəndə isə sənə hansısa qorxu filmlərindən danışırlar. Onda adam özü özündən utanır. Bu anda ölmək ölməkdir, xırıldamaq nə deməkdir deyib yolunu davam edirsən".

Jurnalist Suriyada olduğu zaman təhlükəli vəziyyətlə də qarşılaşdıqlarını qeyd edib. Lazkiyada olduqları müddətdə 3 bomba hücumunu müşahidə ediblər. "Bizi Türkiyədən Suriyayadək müşahidə edən Cəmil gizlənməli olduğumuzu dedi. Bombalardan biri meşəyə düşdü. Meşə o saat yenidən alovlandı. İkisi isə kəndə düşdü. Amma insan tələfatı olmadı. Bu zaman ətrafa fikir verdim və gördümki yerli əhali heç bir təşviş keçirmədi. Açığı deyim mən də hansısa həyəcan keçirmədim. Müxalifət tərəfindən keçdiyimiz üçün təhlükə yalnız biz hakimiyyət tərəfdarlarının əlinə keçsəydik ola bilərdi. Bizi müşahidə edənlər yerli insanlar idi, həm türk həm də ərəb dilini bilirdilər. Ona görə istənilən vəziyyətdən bizi çıxarırdılar".

Q. Ataşova Suriyada əhalinin vəziyyətinin də pis olduğunu vurğulayıb. Yəni ərzaq qıtlığı yaşanırdı. "Xüsusən də una tələbat böyükdür. Hələlik meyvə və tərəvəzlə keçinirlər. Amma böyük ehtimal ki, qışda bu ölkədə humanitar fəlakət olacaq. Düzdür, kəndlilərin əksəriyyəti əkin edib. Amma atılan güllələr taxıl sahələrini külə çevirib. Təsəvvür edin sıx meşələr kül olub, qalmışdı taxıl zəmiləri..."


Orada olduğu müddətdə Qənirə Ataşova insanın içini ağrıdan mənzərə ilə qarşılaşdığını deyir.


"Körpə-körpə uşaqlar valideynsiz qalmışdılar, çörəyə möhtacdırlar. Yaralı və xəstə qocalar var idi. Amma nə evdən çıxa bilirlər, nə də evdə qala bilirlər. Bir də biz Suriyaya girəndə bir ailə gördük. Hamilə gəlin, qucağında 1 yaşlı körpəsi və əri. Ər yoldaşını meşədən ötürməli və özü geriyə döyüşə qayıtmalı idi. Amma qadın hamilə olduğu üçün dağı tək aşmağa risk etmirdi. Biz onlara dedik ki, əgər biz qayıtmış olsaydıq sizi özümüzlə aparardıq. Təsəvvür edirsiz, axşam biz qayıdanda gördük ki, həmin hamilə gəlin, uşağı da qucağında meşənin qırağında oturub bizi gözləyir. Bizi görəndə o qədər ağladı. Dedi, elə bildim siz də məni aldadacaqsız, aparmayacaqsız. Biz həmin gəlini və uşağı gətirib çadır şəhərciyinə təhvil verdik".


Q. Ataşova Suriyaya dörd günlük ezam olunduğunu, bunun üç günün sərhəddə işləməli olduğunu qeyd edib. "Açığı deyim, Suriyaya getmək üçün fürsət axtarırdıq. Amma bu fürsət bizə sonuncu gündə qismət oldu. Yanımdakı türk jurnalistlər iş yerlərindən 1 gün üçün icazə aldılar. Ona görə də bir gündə gedib və qayıtmalı olduq".


AzNews.az