Berlin məhkəməsindən şok qərar

18 Avqust 2012 07:53 (UTC+04:00)


Ultrasağ "Almaniya uğrunda" hərəkatının nümayəndələri Berlində Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi müvafiq qərar çıxarıb.

Hakimlərin fikrincə, karikaturaların nümayişi dini hissləri təhqir etmək sayıla bilməz. Sağ radikallar aksiyalarını Berlinin Noyköln və Veddinq rayonlarındakı məscidlərin qarşısında həyata keçirmək fikrindədirlər. Onlar bunu müsəlman sələfilərin alman dilində pulsuz Quran paylamasına qarşı etdiklərini iddia edirlər.

May ayında Şimali Reyn – Vestfaliya torpağında analoji aksiya müsəlmanlar və neofaşistlər arasında qarşıdurmaya səbəb olmuşdu. O zaman 30-dək polis yaralanmış, 100-dək qarşıdurma iştirakçısı isə həbs olunmuşdu.

AzNews.az