Zəlimxan Yaqubun, Baba Pünhanın və Alim Qasımovun pərəstiş etdiyi insan – Reportaj - Fotolar

19 Avqust 2012 10:01 (UTC+04:00)
Xoşxasiyyətli insanlar var, mehriban və ya mərhəmətli insanlar var. Səxavətli, ədalətli insanlar var. Və ya digər gözəl keyfiyyətləri özündə daşıyan insanlar var. Ancaq bir də Allah tərəfindən seçilmiş bəndələr var, hansı ki, Onun yanında yer alır...

Təqvası, nuru ilə, İlahi və insani sevgisiylə, paklığı ilə seçilən insanlar...Belə bir insanın sorağını eşitdik bu mübarək ayda. Allahın rəhmətinə qovuşmuş, ancaq hələ də ürəklərdə yaşayan, məbəd quran bir şəxsiyyət... Heç demə, 8 il əvvəl elə bu günlərdə rəhmətə gedibmiş....Beləliklə, səfərimiz Hacı Həbib Ağanın adı ilə tanınan İsmayıllı rayonunun Basqal kəndinədir.
Heç bir maneəsiz, rahatlıqla çatdıq Hacı Həbibin adını eşidib, görmədiyimiz məşhur ocağına.
Bir qaçaqaç, təlaş var idi ki, bu evdə. Belə ki, axşam iftar məclisi olacaqdı. Ona görə də, hər kəs bir işlə, biş-düşlə məşğul idi. Hacı Həbib üç qız, beş oğul atası, çoxlu nəvə-nəticə sahibi idi. Bu gün hamı bir nəfər kimi yığışmışdı buraya. İftar yeməyi bişirilən ocaq başına toplaşanlar arasında Naridə nənə də vardı. Hacı Həbib Ağanın ömür-gün yoldaşı, ona ən yaxın olan insan... Ən yaxşı o tanıtdıra bilərdi bizə Hacı Həbib Ağanı: "Allah-Təala Həbibi xüsusi olaraq yaratmışdı. Çox gözəl insan idi, çox... Həm simaca, həm xasiyyətcə, həm danışığında, rəftarında yeganə insan idi. Tək mənim barəmdə yox, hər şeydə, Allaha bağlılığında çox etibarlıydı. Ömrünü-gününü Allah yolunda sərf etdi. Cavanlar gəzirdi, kef edirdi, ancaq o çəkilib öz köşəsinə Allaha ibadət edirdi. Tərkidünyaydı..."

Hacı Həbib Ağa Naridə nənənin bibisi oğlu olub: " Çox şükür ki, Allah məni ona qismət elədi. Ölənə kimi bir dəfə də ondan incikliyim olmamışdı. Bir qarışqanı da incitmək istəməzdi. Hamıyla insafla davranan, kasıblara, yetimlərə rəhm edən bir insan idi. Onun necə pak-pakizə olmağını gecə-gündüz deməklə qurtarmaz..."
- Bəs onun yoxluğu Naridə nənə üçün nə deməkdir?
- Əşi, o rəhmətə gedəndən sonra özümü heç bilirəm. Elə bilirəm ki, başım bədənimdən ayrılıb. Sanki məni yüksəklərdən çırpıblar yerə. Balalarım da yaxşıdı, amma onun yeri başqadı...Necə ki gül açılar, solar, gözəlliyini itirər, bax eləyəm...
Bir qədər sonra yol yorğunluğumuzu çıxıb üz tutduq Ağanın qəbrini ziyarət etməyə. Allah onun ruhunu şad, bizim ziyarətimizi qəbul etsin!
Ziyarətdən sonra səfalı Basqal kəndini gəzib-dolaşdıq. Hacı Həbib Ağanı daha yaxından tanımaq üçün də bir fürsət oldu bu gəzinti.

Kiminin dostu, kiminin sirdaşı, hamının arxa-dayağı olub o. Mərhəmətli, hər kəsə yardım etməyə tələsən, səxavətli imiş. Uşaq kimi təmiz imiş, pak imiş. Ancaq onu hamının gözündə daha çox ucaldan Allaha bağlılığı, dilə gəlməz sevgisi, ibadəti idi.
Haqqında deyilənlərə heyrətlənməmək mümkün deyildi. Bu minvalla da axşamı elədik. İftar saatı çatmışdı. Və Hacı Həbibib qazandığı sevgi yoxluğundan 8 il keçməsinə baxmayaraq yüzlərlə insanı toplamışdı bu ocağa. Demək olar ki, Azərbaycanın bütün bölgələrindən insanlar gəlmişdi buraya. Sayılıb-seçilən ağsaqqallar, ziyalılar gəlmişdi Ağanı yad etməyə, süfrəsində çörək yeməyə. Kişilər məclisində ola bilməsəm də, hamının bir avazla söylədiyi "Allahu Əkbər, La İlahə İlləllah" sözlərini eşitməmək, bu səsdə dincəlməmək, mənən zənginləşməmək, paklaşmamaq qeyri-mümkün idi.

İftar məclisində iştirak edənlər arasında Xalq şairi Zəlimxan Yaqub da vardı: "Hacı Həbib böyük şəxsiyyət idi. Onun kimi yaxşı adamlar, ağsaqqallar elin-obanın yaraşığıdır. Biz də o cür adamların işığında böyüyürük. Hərə öz arzusunun arxasınca gedir. Bu gün biz çox tarixi bir adı olan Basqal kəndində tarixi bir insanın-Hacı Həbib kişinin adı ilə bağlı bir məclisə toplaşmışıq. Bu məclis mübarək olsun. Burda açılan süfrədə nə qədər gözəl sözlər deyilibsə, hamısı qəbul olsun".

"Məclisi-üns"ü idarə edən Hacı Ələmdar Ağa isə ona "dayı" deyə müraciət etdiyini söyləyir və davam edir: "İslam özü 4 mərtəbədir: "Şəriət, təriqət, mərifət, həqiqət. Bu gün müsəlmanlara baxanda görürük ki, çoxu şəriət əhlidir. Onların arasından əməlləriylə, ibadətiylə, sədaqət göstərib şəriət mərhələsindən çıxıb təriqətə doğru irəliləyən insanlar vardır ki, onlara arif, mərifət sahibi deyirlər. Mən Həbib dayını mərifət sahibi kimi tanıyıram. Onun ibadəti, mərifəti şəriət əhlinin ibadətindən deyildi. Onlar bötövlükdə Allah sevgisinə qərq olurlar. Onlar yüksəlmişlər, pak insanlardır. Bu izdiham özü onun müqəddəsliyinin bir dəlilidir. Allah bizi ona bağışlasın..."
Uşaqlığı Həbib Ağanın gözü önündə keçdiyini deyən Hacı Əziz kişi isə onu Allah sevgili, imam Hüseyn aşiqi, hər kəsin yol göstərəni deyə təqdim etdi bizə. Onun çox pərəstişkarları var deyir, ancaq Hacı Əziz isə həyatını Hacı Həbibə baxıb nizamlayanlardandır. Dedikləri bir daha onun necə Allah bəndəsi olduğu göstərdi: "1957-ci ilə qədər Bakıda böyük kəlağayı arteli var idi. Həbib Ağa o artelin müdiri işləyib. Orda hamıya bir ata qayğısı ilə yanaşırdı. Ancaq onun rəhbər kimi bütün keyfiyyətlərə malik olmasıyla yanaşı, ən böyük üstünlüyü təmənnasız, sidq ürəklə Allaha ibadət etməsi idi. Onu yüksəldən də elə bu oldu. O dövrdə dinə qarşı böyük atezim institutu mübarizə aparırdı. O belə bir zamanda da dinini qoruyub saxlayanlardan oldu. Həmin vaxt o vəzifədə ola ola bir müsəlman kimi o müqəddəs yerləri ziyarət etmək istədi. Onu çağırdılar Mərkəzi Komitəyə. Dedilər sən rəhbər işçisən, ya partyiya biletini qoyub gedəcəksən, ya da ümumiyyətlə getməyəcəksən. O bileti qoydu və vəzifədən də çııxb getdi. Və o zaman heç evdən bayıra da çıxmayıb ancaq ibadət edirdi". Həmsöhbətimizin sözlərinə görə, Həbib Ağa dini mövhumat kimi təbliğ etmirdi, öz simasında, öz əməlində göstərirdi. Hər kəsi paklığa, düzlüyə çağırırdı ki, həmişə başınızın üstündə Allahı görün...

Hacı Əziz deyir ki, onun çox möcüzələri var idi. Bir xatirəsini də bölüşdü bizlə: "Bir dəfə biz Baba Pünhan və bir başqa yoldaşla Ağanın ziyarətinə gediridk. Özünün xəbəri yoxuydu heç. Yolda yubandıq bir az. Ora çatanda dedi ki, yolda ləngiməmişdiz ki? Dedik ləngimişik. Dedi mən bilirdim gələcəksiz, bayaqdan çatmalıydız siz. Üç dəfə qapıya çıxmışam ki, sizi qarşılayam. Baba Pünhan baxdı bizə, dedi siz bu kişi haqqında mənə az danışmısız. Onun nuru üzündə əyandı elə, övliyadı bu kişi. Daha sonra Baba Pünhanı görəndə ayağa qalxdı, onun oğlu yerində idi. Mən heyrətlə ona baxanda ki, niyə onu görüb ayağa qalxdı? O saat başa düşdü ki, mən niyə elə baxıram. Dedi ki, o, içəri gorəndə ayağa qalxmaq lazımdı, çünki onun bədənindən Allah kəlamları çıxır..."

Onun sözlərinə görə, Hacı Həbibi tanımayan insanlar gəlirdi qapısına ki, mənim illərdir övladım olmurdu, sizi yuxuda gördüm, övlad tapdım. Yaxud yuxuda kiməsə şəfa verirmiş...
Daha sonra öyrəndik ki, Həbib Ağa Qəbələdə öz təşəbbüsü ilə məscid tikdirib. Onun özünə isə bütünü müqəddəs ziyarətgahlara getmək qismət olub: "Atam kəndin mollası, din sahibi idi, ancaq məndə Allaha sevgini, ibadəti o aşılamışdı. Həbib əmimin əməlləri gətirdi məni bu yola. Hətta onun dəfnində qudam Alim Qasımov da iştirak edirdi. Nə qədər adam vardısa, Alim dedi ki, bu, dəfn yox, ziyarətdir. Nə qədər danışsaq onun haqqında, azdır".
İftar məclisinə gələnlərdən Miryavər Seyidhüseynov da Hacı Həbibin nadir şəxsiyyət olmasından danışdı: " Allaha, on dörd məsuma bağlılığı ilə böyük insan idi. Onda elə bir qüdrət var idi ki, insanların qəlbinə nüfuz etməyi bacarırdı. Büütün insanları doğru yola dəvət edirdi. Artıq bir dəfə onunla görüşəndə insan nə qədər bəhrələnirdi, mənən zənginləşirdi. Adamlar var idi ki, içkiyə meylli, doğru yoldan uzaq idilər. Ancaq Hacı Həbiblə bir dəfə söhbətdən sonra artıq ibadət əhli, düzgün adam olurdular. O, hər kəsi sevirdii və əməli-saleh görmək istəyirdi. Çox səxavətli idi, kimin onu işi düşsə, çalışırdı ki, onun hacətini rəva eləsin, razı salsın".
Həmsöhbətimiz Hacı Həbibi müsəlman Şərqinin XX əsrdə yetişdirmiş olduğu ən pak, ən səxavətli, ədalətli mömini adlandırır: "Kim onun haqqında bir xoşagəlməz söz desə, onun üzündə bir təbəssüm əmələ gəlirdi. Gedib iki rükət hacət namaz qılırdı ki, ay Allah onun qəlbini təmizlə. O şəxs üçün dua edirdi. Deyirdi ki, şərəfli adam qarğış eləməz. Həmçinin, onu ziyarətə gələn zaman artıq qapını döyəndə, biliridi ki, gələn kimdir. İnsanların hər şeyinə bələd idi, ürəklərini oxuyurdu, duyurdu. İlahi bir qüvvə var idi onda. Yuxular görürdü. Agah olurdu ona hər şey. Birdən kiminsə üzünə baxıb deyirdi ki, yox, elə fikirləşmə, düz eləmirsən".
Allaha ibadətini nümayiş eləməzmiş Hacı Həbib Ağa. Daxilən, qəlbən Allahla idi həmişə. İmamlarla da qəlbən yaxınlığı var imiş. Qısası, sözün əsl mənasında, Allah adamı idi...

Bu müqəddəs ayda Hacı Həbib Ağanı daha yaxından tanıdınız. Ramazan Bayramında bir müjdə olsun Allah bəndələrinə bu tanışlıq. Ramazanınız da, tanışlığınız da mübarək olsun!

Sevinc Fədai

Fotomüxbir: Mahir Hüseynbəyli

AzNews.az