Müəllimlərin işə qəbulunda daha bir fürsət

20 Avqust 2012 15:35 (UTC+04:00)

Təhsil Nazirliyi ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatmış fənlər (kimya, biologiya, riyaziyyat, ingilis dili) üzrə boş qalan və imtina olunan yerlərin seçiminə başlayıb.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 19-dan 24-dək "Şəxsi səhifə"lərinə daxil olmaqla, ən çoxu 4 yer seçə bilərlər.


Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı avqustun 24-də saat 18.00-da başa çatacaq və yerləşdirmə aparılacaq.

Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin "Şəxsi səhifə"lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.


AzNews.az