Ermənistandan sığınacaq istəyən ailə barədə ŞOK məlumatlar

3 Fevral 2014 22:46 (UTC+04:00)
O, xaricdə yaşamaq arzusunda olub


Azərbaycandan Gürcüstana, ordan isə Ermənistana keçərək bu ölkədən siyasi sığınacaq istəyən Cavid Orucovla bağlı AzNews.az-a ilginc məlumatlar daxil olub.

Belə ki, C. Orucov iddia etdiyindən fərqli olaraq, Azərbaycanda heç bir problemlə üzləşməyib. Onun ailəsi hazırda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayır. Qonşulardan saytımıza bildiriblər ki, bu ailə indiyə qədər heç bir təzyiqə məruz qalmayıb. Həmçinin ailə üzvlərindən başqa heç kəs C.Orucovun həyat yoldaşı R.Mirzəyevanın erməni kökənli olması barədə məlumata malik olmayıb.

Əldə etdiyimiz məlumata görə, R.Mirzəyevanın ailə üzvləri - anası və bacısı hazırda Bakıxanov qəsəbəsində yaşayır. Onların da indiyə qədər milli mənsubiyyətləri ilə bağlı hansısa təqiblərə məruz qalmadığı bildirilir.

AzNews.az Cavid Orucovla onun həyat yoldaşının necə tanış olması ilə bağlı məlumatlar əldə edib. Məlum olub ki, 3 övladı olan cütlük sosial şəbəkədə tanış olub. Ailə qurduqdan sonra bir müddət Rusiyada, sonra isə Norveçdə yaşayıblar. Onlar Norveçdə yaşadıqları müddətdə bu ölkədə siyasi sığınacaq almaq istəyiblər və bu tələblə Norveç hökuməti qarşısında tələb irəli sürüblər. Lakin bu tələb rədd edilib və onlar Norveçdən deportasiya ediliblər.

Bundan sonra Azərbaycana qayıdan Orucovlar ailəsi həmişə həmişə xarici ölkədə yaşamaq arzusunda olub və bunun yollarını arayıblar. Hətta bu məqsədlə dəfələrlə xarici ölkələrin Azərbaycandakı səfirliyinə də müraciət etməsi də əldə etdiyimiz məlumatlar sırasındadır.

Görünür, bütün bu müraciətlərə müsbət cavab verilmədiyinə görə o, arzusunu reallaşdırmaq üçün Ermənistana getməyi üstün tutub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucov yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun guya erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzəyeva adlı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-inin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.


Elnur
AzNews.az