Prokurorluqdan özünü yandıran qızla bağlı Rəsmi açıqlama

4 Fevral 2014 12:21 (UTC+04:00)



Bakıda qadının özünü yandırılması faktı ilə bağlı cinayətdə şübhəli bilindiyinə görə saxlanılan Əli Həbibli fevralın 3-də Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs qismində barəsində həsb qətimkan tədbiri seçilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Qeyd edək ki, Bakıda vətəndaşın intihara cəhd göstərməsi faktı üzrə Səbail rayon prokurorluğunda cinayət işi başlanıb.

Yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

İlkin araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 1990-cı il təvəllüdlü, Lənkəran şəhərində anadan olmuş, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib.
Eyni zamanda, M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.

Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzNews.az