Məşhurların evləri: kim harada, necə yaşayır? - Araşdırma

4 Fevral 2014 14:00 (UTC+04:00)
AzNews.az sənət adamlarının mənzilləri ilə maraqlanıb. Öyrənmək istəmişik ki, tanınmış adamların neçə evi var, onlar hansı şəraitdə yaşayır...


Silsilə şəkildə təqdim edəcəyimiz yazılarda məqsədimiz tanınmış şəxslərin evləri, mənzilləri barədə dəqiq məlumatları təqdim etməkdir. Bu yazılar bir çox şayiələrə son qoyacaq, sənətkarlarımızla oxucularımızı daha yaxın edəcək.

Budəfəki yazımızda məşhur aktyor Rasim Balayev, tanınmış müğənni Bilal Əliyev, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov, əməkdar artist Xanım Qafarova, müğənnilər - Kamalə Rəhimli, Əli Mirəliyev, Səməd Səmədov və reper Anar Nağılbazın mənzilləri barədə maraqlı məqamları təqdim edirik:

Rasim Balayev: "Evimlə bağlı sorğu-sual nə üçündür?"


Xalq artisti, Azərbaycan kinosunun tanınmış simalarından olan Rasim Balayev isə yaşadığı evin şəraitindən ürək dolusu danışıb: "Şükür Allaha, mənim evim var. Şəraiti də pis deyil. Əsas odur ki, həmin evdə mənim yaradıcılıq məkanım var və mən orada rahat işləyə bilirəm. Ən başlıcası isə bu evi mənə dövlət verib. Bir də ki, mənim evimlə bağlı sorğu-sual nə üçündür? Anlamıram ki. Onun sahəsinin nə qədər olması mənə aid məsələdir".

15 kvadratmetrlik evdə yaşayan Əməkdar artist

Musiqili Teatrın aktrisası, Əməkdar artist Xanım Qafarova deyir ki, ailəsi ilə birlikdə 15 kv. metrlik evdə yaşayır:

"Mən qızım və anam üçümüz bu evdə yaşayırıq. Bu ev bizim həm qonaq otağımız, həm yataq otağımız, həm mətbəximiz və eyni zamanda mənim yaradıcılıq evimdir. Türkiyəyə getməzdən əvvəl şəraiti yox idi, tökülüb-dağılırdı. Amma Türkiyədən qayıdandan sona teatr rəhbərliyi təmir etdirib. İndi mənim üçün başlıcası can sağlığımdır. Yəqin nə vaxtsa sənətdə, teatr aləmində gördüyüm xidmətlər qiymətləndirilər, mənə də ev verilər".

Kəmalə Rəhimli iki otaqlısından razıdır


Müğənni Kamalə Rəhimli isə iki otaqlı bina evində yaşayır: "İki otaqlı, əvvəl tikilənlərdən, orta səviyyədə bir evdir. Deyim ki, super təmiri var, yox, belə deyil. Onu da özümüz almışıq".

Səməd Səmədovun qoşa evi

Xalq artisti, "Toylar kralı" Səməd Səmədovun isə iki evi var, həm də 100 kv.metrlik: "Birini dövlət verib, birini də özüm almışam. Hər ikisinin sahəsi 100 kv.metrdir. Hazırda özüm aldığım bina evində yaşayıram. Orada böyük bir yaradıcılıq otağım də var. Dövlətin mənə verdiyi mənzildə isə təmir işləri aparılır. İnşallah, təmir başa çatsın, görüm nə edirəm? Yəqin ki, hər ikisində yaşayacağam".

Alım Qasımov: "Evimdə yaşamaq mümkün deyil"


Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımova isə hələ də dövlət tərəfindən ev verilməyib. Sənətkar deyir ki, yaşadığı mənzildə şəraitsizlik ucbatından qonaq qəbul edə bilmir: "Mənim evim yoxdur. Dövlət mənə ev verməyib. Yaşadığım evin isə şəraiti yoxdur. Nə qonaq qəbul edə bilirəm, nə də özüm gedirəm. Mənim evimdə olanlar bilir ki, orada yaşamaq mümkün deyil, həm də evə damır".

Müğənnilər insan alveri edir

Müğənni Əli Mirəliyevin fikrincə, bu gün Azərbaycanda toya gedən sənət adamlarının heç birinin villası yoxdur: "Villa ancaq toya getməyən sənət adamlarına məxsusdur. Toya getmirlər, villa alırlar və bütün günü efirdə olurlar. Hansı puldan? Bu pul düz yolla qazanılmır.

İnsan alveri edirlər. Mənim isə ömrüm sənətdə keçib. Amma hələ də evsizəm. O vaxt toylarda oxudum, ordan-burdan birtəhər pul tapıb Mərdəkandakı evi aldım. Bu gün başımı soxmağa evim var, kasıbyana da olsa. Pulum, villam olmasa da, kişi kimi alnım açıq, üzüm də ağdır".

Bilal Əliyev dövlətin bağışladığı evdə yaşayır


Xalq artisti Bilal Əliyev isə 250 kv.m-dən böyük bir evdə yaşayır: "Mən dövlət tərəfindən verilən evdə yaşayıram. Sağ olsun, dövlət mənim yaradıcılığımı yüksək qiymətləndirib. Mənə nə az, nə çox 250 kv.metrdən böyük ev bağışlayıb. Orada mənim yaradıcılıq otağım da var. Daha sənətkara nə lazımdır?"

Məşhur reper evsizdir


Reper Anar Nağılbazın isə professional səhnəyə çıxışından 23 il ötsə də, hələ şəxsi evi yoxdur. Sənətçi atasının evində yaşayır: "Ata evində, onlarla birlikdə yaşayıram. Əslində ata, ananın, böyüklərin yanında olmaq yaxşıdır. Amma deyim ki, özümü də pərt etmək istəmirəm. Tale, qismət belə gətirib və mən çoxdan razılaşmışam, qardaşım da öz ailəsilə bizimlə birgə yaşayır. Biz ruhdan düşənlərdən deyilik, qüvvəmiz də maşallah boldur".

Aşığın villası


Aşıq Vüqar isə Müşfiqabad qəsəbəsində, zəhməti hesabına tikdirdiyi villada yaşayır: "Yaşadığım evi özüm tikdirmişəm. Villa sayıla bilər. Bu, mənim sənətim bahasına əldə olunub. Hər cür şərait yaratmışam".

Bahar Rüstəmli
AzNews.az