Nazirlikdən iş adamlarına "soyuq" xəbərdarlıq

4 Fevral 2014 16:11 (UTC+04:00)
"İşəgötürənlər məsuliyyət daşıyır"


"Havaların qarlı şaxtalı olması səbəbindən açıq havada və ya isidilməyən örtülü binalarda işləyən işçilərdən hər hansı hüquqlarının pozulması ilə əlaqədar şikayət və ya müraciət daxil olmayıb".


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzNews.az-ın sorğusuna cavabında bildirilib ki, Əmək Məcəlləsinə 2-ci əlavənin ("İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri ") 5-8-ci bəndlərində bir sıra məsələlər qeyd olunub.

Belə ki, havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı olduqda açıq havada bütün işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir.

İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

Qanunvericiliyin tələblərinə əməl olunması işəgötürənin əsas vəzifəsidir və buna görə Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən məsuliyyət daşıyır.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək və inzibati məsuliyyətə cəlb etmək hüququ vardır.

Amid
AzNews.az