Almaniya kəşfiyyatı Əsəd əleyhinə

21 Avqust 2012 12:12 (UTC+04:00)

Almaniyaya məxsus kəşfiyyat gəmiləri Suriya sərhədlərinə doğru irəliləyir. Bu barədə məlumat alman kütləvi informasiya vasitələrində yer alıb. AzNews.az izvestia.ru saytına istinadən xəbər verir ki, ən son dinləmə və nəzarət avadanlıqları ilə təchiz olunmuş alman kəşfiyyat gəmilərinin əsas vəzifələri Əsəd ordusu barədə müfəssəl məlumat toplamaqdır.

Verilən məlumata görə, əldə olunan informasiya alman hərbi komandanlığı ilə yanaşı, ABŞ, Böyük Britaniya kəşfiyyatına da ötürüləcək. Suriya silahlı müxalifəti də bu informasiyalara çıxış əldə edəcəklər. Bununla belə, Almaniyada bu cür qərar birmənalı qarşılanmayıb. Belə ki, alman müxalifəti iddia edib ki, bu Almaniyanın birbaşa Suriya müharibəsinə qoşulması deməkdir.

Yaşıllar partiyasının nümayəndəsi və bundestaqın deputatı Hans-Kristian Şterbele bildirib ki, təcili olaraq kəşfiyyat xidmətlərinin fəaliyyətinə nəzarət edən parlament komitəsinin iclası çağırılmalıdır.

O, həmçinin əlavə edib ki, "alman kəşfiyyat gəmiləri ölkənin daxili təhlükəsizliyi ilə bağlı açıq dənizə buraxıla bilər digər ölkələrdə baş verən vətandaş müharibələrinə qoşulmaq məqsədiylə yox".

Sadiq

AzNews.az